Ceyhun Bayramov və Səudiyyə Ərəbistanının xarici işlər naziri telefonla danışıb

31 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının
xarici işlər naziri Şahzadə Feysal bin Farhan bin Abdullah bin
Feysal Əl Səud arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazirlər
müqəddəs Ramazan ayının gəlişi münasibətilə qarşılıqlı təbriklərini
çatdırıb və bu ayın bütün müsəlman aləmi üçün xeyirli olmasına dair
arzularını ifadə ediblər.

Tərəflər iki ölkə arasında əməkdaşlıq və qardaşlıq
münasibətlərin inkişafına dair fikir mübadiləsi aparıb və bu
xüsusda məmnunluq bildiriblər.

İki ölkə arasında hazırda icra olunan birgə layihələrə dair
razılıq ifadə olunub, həmçinin Hökumətlərarası Birgə Komissiyanın
ötən ilin dekabr ayında keçirilmiş iclasının nəticələrinin
məmnunluq doğurduğu qeyd edilib. İqtisadi və sərmayə sahəsində
əlaqələrin daha da inkişaf etdirilməsi üçün potensialın olduğu
vurğulanıb.

Nazir Ceyhun Bayramov Səudiyyə Ərəbistanının “Acwa Power”
şirkətinin Azərbaycanda külək elektrik stansiyasının tikintisi ilə
bağlı layihəsinə məmnunluqla istinad edib və həmkarına Azərbaycanın
alternativ enerji baxımından böyük potensialı ilə bağlı məlumat
verib.

Tərəflər, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov keçmiş münaqişə ilə bağlı Səudiyyə
Ərəbistanı tərəfindən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan
ədalətli mövqeyinə verilən dəstəyi minnətdarlıqla vurğulayıb.

C.Bayramov Səudiyyəli həmkarını Azərbaycana səfər etməyə dəvət
edib.

Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Şahzadə
Feysal bin Farhan bin Abdullah bin Feysal Əl Səud dəvətə görə
təşəkkürünü bildirib və dəvəti məmnuniyyətlə qəbul etdiyini
söyləyib.

Telefon danışığı zamanı nazirlər, həmçinin, qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Teqlər: