8 aprel 2022-ci il tarixində Xarici işlər naziri Ceyhun Bayramov
Misir Ərəb Respublikasının Azərbaycan Respublikasına yeni təyin
olunmuş səfirini qəbul edib.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, səfir
Hişam Mohamed Nağı Abdel Həmid etimadnaməsinin surətini nazirə
təqdim edib.
Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib
və ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanda diplomatik
fəaliyyəti müddətində ölkələrimiz arasında mövcud olan dost
münasibətlərin inkişafına öz töhfəsini vermək üçün səylərini
əsirgəməyəcəyinə əminliyini ifadə edən nazir Ceyhun Bayramov,
Azərbaycan tərəfinin də bu əməkdaşlığa öz töhfəsini verməyə hazır
olduğunu deyib.
Ölkəmizə səfir təyin olunmasından məmnunluğunu ifadə edən səfir
Hişam Mohamed Nağı Abdel Həmid Azərbaycan ilə Misir arasında bir
sıra sahələrdə, o cümlədən iqtisadiyyat, turizm və s. əməkdaşlığın
uğurla həyata keçirildiyini söyləyib. O, mövcud münasibətlərin daha
da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini
bildirib.
Görüşdə Azərbaycan və Misir arasında tarixi və ənənəvi dostluq
əlaqələrinin inkişafı, iqtisadiyyat, elm-təhsil, enerji, turizm,
hava nəqliyyatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi
məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İki ölkənin beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam
Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində sıx
əməkdaşlığı məmnunluqla vurğulanıb və bu əməkdaşlığın gələcəkdə
genişləndirilməsinin vacibliyi qeyd edilib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan münaqişə
sonrası vəziyyət, üçtərəfli bəyanatların icrası və bu xüsusda,
Azərbaycan tərəfindən atılan addımlar, habelə azad edilmiş
ərazilərdə həyata keçirilən minatəmizləmə və yenidən quruculuq
işləri ilə bağlı məlumat verib. Nazir, həmçinin bölgənin gələcək
sülh və əmin-amanlıq çərçivəsində inkişafı ilə bağlı Azərbaycanın
baxışlarını həmsöhbəti ilə bölüşüb.
Səfir Hişam Mohamed Nağı Abdel Həmidi Misirin Azərbaycanın ərazi
bütövlüyünü hər zaman dəstəklədiyini xatırladaraq, Azərbaycana
həyata keçirdiyi bərpa və quruculuq işlərində uğurlar arzu edib və
bu xüsusda, səfir azad edilmiş ərazilərdə həyata keçirilən
quruculuq layihələrinə Misir şirkətlərinin maraq göstərdiyini
bildirib.
Görüş zamanı səfir Hişam Mohamed Nağı Abdel Həmidi iki ölkə
arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münadibətilə
Misir rəhbərliyi adından təbrik məktublarını nazir Ceyhun Bayramova
təqdim edib.
İki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi
məsləhətləşmələrin davam etdirilməsinə dair qarşılıqlı razılıq
ifadə olunub.