Ceyhun Bayramov İsrailin turizm naziri ilə görüşüb (FOTO)

Xarici işlər naziri Ceyhun Bayramov İsrail-Azərbaycan
Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm
naziri Yoel Razvozov ilə görüşüb.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, qarşı tərəfi salamlayan C.Bayramov öncə, dünən
Tel-Əvivdə baş vermiş terror aktı ilə bağlı başsağlığını çatdırıb,
terrordan əziyyət çəkən ölkə kimi Azərbaycanın terrorçuluğun bütün
forma və təzahürlərini qətiyyətlə qınadığını bildirib.

Nazir Azərbaycanın İsrail ilə münasibətlərin inkişafına önəm
verdiyini qeyd edərək, İsraildə Azərbaycan ticarət nümayəndəliyinin
fəaliyyət göstərməsinin və Turizm Mərkəzinin açılmasının bu xüsusda
əhəmiyyətini vurğulayıb. İki ölkə arasında mövcud olan yüksək
səviyyəli siyasi dialoqu məmnunluqla qeyd edən nazir, qarşılıqlı
səfərlərin əlaqələrin daha da inkişafına müsbət təkan verdiyini
bildirib.

C.Bayramov 7 aprel tarixində Azərbaycan və İsrail arasında
diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyinə
istinad edərək, bu xüsusda təbriklərini və xoş arzularını qarşı
tərəflə bölüşüb.

İsrail Dövlətinin turizm naziri Yoel Razvozov Azərbaycana səfəri
çərçivəsində keçirilmiş məhsuldar görüşləri, xüsusilə də dövlət
başçısı ilə aparılan müzakirələri, eləcə də digər ikitərəfli
təmasları məmnunluqla qeyd edib. İki ölkə arasında son 30 ildə bir
çox istiqamətlərdə inkişaf edən dostluq və əməkdaşlıq münasibətləri
və bu əlaqələrin daha da inkişafı potensialı vurğulanıb. Nazir
Razvozov İsrailin Azərbaycanın ərazi bütövlüyünə hər zaman olan
dəstəyini bir daha ifadə edib.

Tərəflər iki ölkə arasında münasibətlərin bir sıra sahələrdə, o
cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki,
turizm və s. istiqamətlərdə inkişafı perspektivləri ətrafında fikir
mübadiləsi apardılar.

C.Bayramova qarşı tərəfə bölgədə mövcud olan post-münaqişə
vəziyyəti, o cümlədən ərazilərin minalardan təmizlənməsi, bərpa və
rekonstruksiya işləri barədə məlumat verdi və İsrail şirkətlərinin
bu prosesdə iştirakını məmnunluqla vurğulayıb.

Görüş zamanı qarşılıqlı səfərlərin davamlılığının, habelə iki
ölkə XİN-ləri arasında siyasi məsləhətləşmələrin davamlı həyata
keçirilməsinin vacibliyi qeyd edilib.

Görüşdən sonra nazir Ceyhun Bayramov və nazir Yoel Razvozov
Xarici İşlər Nazirliyində təşkil edilmiş, Azərbaycan Respublikası
və İsrail Dövləti arasında diplomatik əlaqələrin qurulmasının 30
illiyinə həsr olunmuş sərgidə iştirak ediblər.

Teqlər: