Ceyhun Bayramov ICESCO-nun Baş direktoru ilə görüşüb (FOTO)

8 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş
direktoru Salim bin Məhəmməd əl-Maliki ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir
Ceyhun Bayramov Azərbaycanla ISESCO arasında yüksək səviyyəli
əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edib. Baş
direktorun ötən il ölkəmizə səfəri çərçivəsində keçirilmiş görüşə
istinad edən nazir, İSESCO-nun ölkəmizin azad edilmiş ərazilərinə
səfər edən ilk beynəlxalq təşkilatlar sırasında olduğunu
məmnunluqla vurğulayıb. Nazir, Azərbaycan hökuməti tərəfindən ölkə
ərazisindəki tarixi, mədəni, dini abidələrin qorunmasına hər zaman
yüksək diqqətin ayrıldığını qeyd edib, həmsöhbətinin diqqətini
xüsusilə işğaldan azad edilmiş ərazilərdə Azərbaycan xalqının
tarixi-mədəni irsinin məqsədli dağıdılması faktına yönəldib. O,
hazırda azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı
bərpa və quruculuq işlərindən, o cümlədən tarixi, dini və mədəni
abidələrin ilkin inventarlaşdırılması və mühafizəsi tədbirlərindən
danışıb. Ceyhun Bayramov, həmçinin İslam Əməkdaşlıq Təşkilatının
Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyini hər
zaman dəstəklədiyini minnətdarlıqla ifadə edib.

Baş direktor Salim bin Məhəmməd əl-Malik Azərbaycanın İSESCO-nun
fəaliyyətini hər zaman dəstəklədiyini vurğulayıb və ölkənin
təşkilatın işinə verdiyi töhfəni təqdir edib. Hazırkı səfəri
çərçivəsində Şuşa şəhərində keçiriləcək konfransda iştirak
edəcəyini qeyd edən Baş direktor, həmçinin yaxın günlərdə
İSESCO-nun xüsusi missiyasının Azərbaycanın azad edilmiş
ərazilərinə səfər edəcəyini söyləyib. İSESCO Baş direktoru cari
səfəri çərçivəsində Azərbaycanda təşkilatın regional ofisinin
açılışı ilə bağlı müvafiq sənədin imzalanacağını məmnunluqla qeyd
edib.

Görüşdə tərəflər, İSESCO-Azərbaycan əməkdaşlığının
perspektivləri, o cümlədən gənclərin iştirakı ilə sülh gündəliyini
təşviq edən müxtəlif proqramların həyata keçirilməsi, təhsil
sahəsində əməkdaşlıq, habelə tarixi-mədəni abidələrin qeydiyyatının
həyata keçirilməsi və digər məsələlər ətrafın fikir mübadiləsi
aparıblar.

Teqlər: