Ceyhun Bayramov FAO-nun baş direktoru ilə görüşüb (FOTO)

6 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru
Qu Donqyu ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir
Ceyhun Bayramov Qu Donqyunu salamlayaraq ölkəmizin BMT və onun
ixtisaslaşmış qurumları ilə əmədaşlığa hər zaman önəm verdiyini
vurğulayıb. Cari ildə BMT-də üzvlüyümüzün 30 ilinin qeyd edildiyini
bildirən nazir, bu müddət ərzində Azərbaycan və FAO arasında
qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyini qeyd edib.
Azərbaycanın ərzaq təhlükəsizliyinə xüsusi diqqət ayırdığı ifadə
edilib.

Baş direktor Qu Donqyu Azərbaycanda olmaqdan və ölkə rəsmiləri
ilə keçirdiyi məhsuldar görüşlərdən məmnunluğunu ifadə edib. O,
Azərbaycanın ərzaq sistemləri və kənd təsərrüfatının inkişafı üçün
böyük potensiala sahib olduğunu vurğulayıb. Baş direktor kənd
təsərrüfatı sahəsində rəqəmsal keçid, innovasiyaların tətbiqi,
fermerlərin təhsili kimi sahələrdə əməkdaşlığın inkişafına diqqət
çəkib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə ölkəmizin işğaldan azad
edilmiş ərazilərində həyata keçirilən quruculuq işləri, o cümlədən
kənd təsərrüfatı, alternativ enerji sahələrində aparılan işlər və
bu ərazilərdə tətbiq edilən “ağıllı kənd” konsepsiyası barədə
məlumat verib. Nazir, bərpa və quruculuq prosesində BMT-nin
ixtisaslaşmış qurumları ilə yaxşı əməkdaşlıq və təcrübə
mübadiləsinin həyata keçirildiyini vurğulayıb.

Baş direktor Qu Donqyu FAO ilə Azərbaycan arasında mövcud olan
əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını ifadə
edib.

Görüşdə aqroelektron ticarət və ya rəqəmsal kənd təsərrüfatı və
ərzaq, tədqiqat-inkişaf (R&D) layihələri, habelə kənd
yerlərinin rəqəmsal inkişafı mövzusunda ətraflı müzakirələr
aparılıb, bu sahələr üzrə Azərbaycan və FAO arasında əməkdaşlığın
davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Teqlər: