Ceyhun Bayramov Estoniya parlamentinin sədri ilə görüşüb (FOTO)

Xarici işlər naziri Ceyhun Bayramov Estoniya Respublikasının
parlamentinin sədri Yuri Ratasın rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, qonaqları salamlayan nazir Ceyhun Bayramov
Azərbaycanın dost Estoniya ilə münasibətlərin inkişafına yüksək
önəm verdiyini bildirib. Ölkələrimiz arasında son zamanlar intensiv
dialoqun həyata keçirildiyi, o cümlədən parlament ölçüsündə
qarşılıqlı səfərlərin həyata keçirildiyi məmnunluqla qeyd edilib.
Nazir, cari ildə iki ölkə arasında diplomatik əlaqələrin
qurulmasının 30 ilinin tamam olduğunu, bu müddət ərzində əlaqələrin
inkişafında bir sıra uğurlara imza atıldığını vurğulayıb və
gələcəkdə əməkdaşlığın daha da inkişafında maraqlı olduğumuzu
səsləndirib.

Parlamentin sədri Yuri Ratasın Azərbaycana səfərinin çox
məhsuldar olduğunu qeyd edib, Azərbaycan dövlət başçısı ilə
keçirilən görüşə, Şuşa şəhərinə edilən səfərə məmnunluqla istinad
edib. O, iki ölkə arasında tarixi bağların olduğunu qeyd edib və
Azərbaycan xalqını 28 may – Müstəqillik Günü münasibətilə təbrik
edib.

Görüşdə, iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən
iqtisadi, informasiya texnologiyaları, ətraf mühit, humanitar və
digər istiqamətlər üzrə əməkdaşlığın perspektivləri üzrə fikir
mübadiləsi aparılıb. Xüsusilə, informasiya texnologiyaları, təhsil,
alternativ enerji sahələrində əməkdaşlığın inkişafı potensialının
olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov Estoniya parlamentinin sədrinə bölgədə
mövcud olan münaqişə sonrası vəziyyət, azad olunmuş ərazilərin
minalardan təmizlənməsi, geniş bərpa və quruculuq işləri,
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması
istiqamətində atılan addımlar, o cümlədən Brüsseldə liderlər
arasında baş tutan görüş barədə məlumat verib.

Yuri Ratas Estoniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünə
dəstək verdiyini qeyd edib və ölkəsinin bölgədə sülhün təmin
olunmasının tərəfdarı olduğunu vurğulayıb.

Görüşdə tərəflər, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə
münasibətləri, regional məsələlər, o cümlədən Ukraynadakı vəziyyət
və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Teqlər: