Ceyhun Bayramov BƏƏ-nin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb (FOTO)

15 aprel 2022-ci il tarixində xarici işlər naziri Ceyhun
Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycan
Respublikasına yeni təyin olunmuş səfiri Məhəmməd Əl Bluşini qəbul
edib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, səfir
etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib,
ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında birgə
tarixi, mədəni, dini bağlara əsaslanan və möhkəm təməl üzərində
qurulan əlaqələrin son 30 il ərzində əhəmiyyətli inkişaf yolunu
keçdiyini məmnunluqla qeyd edib. İki dövlət arasında yüksək
səviyyədə siyasi dialoqun mövcud olduğu, həm ikitərəfli, həm də
çoxtərəfli müstəvilərdə qarşılıqlı faydalı əməkdaşlığın həyata
keçirildiyi ifadə edilib.

Səfir Məhəmməd Əl Bluşi BƏƏ-nin xarici işlər və beynəlxalq
əməkdaşlıq naziri Şeyx Abdullah Bin Zayed Əl Nəhyanın salamlarını
çatdırıb. O, Azərbaycanda diplomatik fəaliyyəti müddətində iki ölkə
arasında münasibətlərin daha da inkişafı üçün səylərini
əsirgəməyəcəyini ifadə edib.

Tərəflər, ikitərəfli əlaqələrin bir sıra sahələrdə, o cümlədən
alternativ enerji, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, turizm,
mədən sənayesi, azad iqtisadi zonalar və digər istiqamətlərdə
inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov səfirə bölgədə mövcud olan münaqişə
sonrası vəziyyət, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və
yenidənqurma işləri, habelə iki ölkə arasında normallaşma prosesi
və bölgənin gələcək sülh və əmin-amanlıq şəraitində inkişafına dair
Azərbaycanın baxışları barədə məlumat verib.

Səfir Məhəmməd Əl Bluşinin fəaliyyətinin Azərbaycan və BƏƏ
arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə dair
inam ifadə edilib və öz növbəsində Azərbaycan tərəfinin bütün
lazımı dəstəyi göstərməyə hazır olduğu vurğulanıb.

Teqlər: