27 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov
Azərbaycan-Avropa Media Forumunun iştirakçıları ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, görüşdə
Media Forumunda 9 ölkədən, o cümlədən Türkiyə, Böyük Britaniya,
Macarıstan, Yunanıstan, Almaniya, Fransa, Qazaxıstan, Özbəkistan,
Qırğızıstandan olan media agentliklərini təmsil edən 22 nümayəndə
iştirak edib.
Nazir Ceyhun Bayramov media nümayəndələrinə Azərbaycanın xarici
siyasət prioritetləri və bölgədəki rolu, o cümlədən müstəqilliyini
bərpa etdiyi ilk gündən üzləşdiyi təcavüz siyasəti və nəticələri,
2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə
nəticələnən 44 günlük müharibə, postmünaqişə mərhələsində bölgədə
mövcud olan cari vəziyyət, xüsusilə də Azərbaycan və Ermənistan
arasında münasibətlərin normallaşması istiqamətində atılan
addımlar, Brüsseldə liderlərin görüşləri nəticəsində əldə edilən
razılaşmaların icrası, o cümlədən sülh müqaviləsinin hazırlanması,
sərhədin delimitasiyası, kommunikasiyaların açılışı ilə bağlı
məsələlərə dair məlumat verib. Nazir iştirakçılarla bölgədə sülhün,
təhlükəsizliyin və inkişafın təmin olunmasına dair Azərbaycanın
baxışlarını bölüşüb.
Daha sonra AR XİN rəhbəri media nümayəndələrinin çoxsaylı
suallarını cavablandırıb.