Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-in
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, tədbirdə
çıxış edən nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin rəhbərliyi altında inkişaf və tərəqqi strategiyasının
uğurla davam etdiyini, ölkəmizdə mövcud olan sabitliyin,
təhlükəsizlik şəraitinin, ümumən ictimai asayişin etibarlı
qorunduğunu vurğulayıb, görülən işlərdə, əldə edilən müsbət
nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük
əməyi olduğunu diqqətə çatdırıb.

Nazir V.Eyvazov xidməti fəaliyyətdə əsas diqqəti vətəndaşların
təhlükəsizliyinin daha etibarlı qorunmasına, cinayətkarlığın və
digər hüquqazidd əməllərin qarşısının qətiyyətlə alınmasına, insan
hüquq və azadlıqlarının qorunmasına, eyni zamanda şəxsi heyət
arasında nizam-intizamın gücləndirilməsinə yönəltməyi tələb
edib.


General-polkovnik V.Eyvazov xidməti funksiyaların səmərəli
həyata keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən daxili işlər
orqanlarına hərtərəfli şəraitin yaradıldığını, şəxsi heyətin dövlət
qayğısı ilə əhatə olunduğunu qeyd edərək əmin olduğunu bildirib ki,
Nazirliyin mühüm struktur qurumlarından olan Əlahiddə Çevik Polis
Alayının şəxsi heyəti qanunla müəyyən edilmiş vəzifələri, qarşıya
qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək,
göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaqdır.

Teqlər: