Çətin il gəlir: 2024-ə 183 münaqişə ilə giririk

Çətin il gəlir: 2024-ə 183 münaqişə ilə giririk

2024-ün mürəkkəb il olacağını indidən söyləmək olar. Yaxın Şərdəki toqquşmalar və Rusiya-Ukrayna müharibəsi gələn il də davam edəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində bildirilib.

Qeyd edilib ki, “Blumberq” agentliyinin araşdırmasında dünyada müharibələrin coğrafiyasının genişlənəcəyi proqnozlaşdırılıb:

“Hazırda planetdə 183 regional silahlı münaqişə qeydə alınıb. Agentliyin araşdırmasında münaqişələrin intensivliyinin ildən-ilə artdığı vurğulanıb. Bu müharibələr ölüm sayının artmasını da şərtləndirir.

Bu arada ABŞ, Cənub Koreya və Yaponiya liderlərinin milli təhlükəsizlik üzrə müşavirlərinin Seuldakı görüşü diqqət çəkib. Bu format bu ilin avqust ayında formalaşıb. Liderlər ilk dəfə Vaşinqtonda görüşmüş və geniş fikir mübadiləsi aparmışdılar. Bununla Amerika Birləşmiş Ştatları, Cənubi Koreya və Yaponiya öz aralarında müttəfiqliyi rəsmiləşdirmişdilər. Üçlük regional təhlükələrə qarşı birgə mübarizə aparmaq qərarı verib. Halbuki keçmiş illərdə Tokio ilə Seul arasında münasibətlərdə müəyyən suallar yaranırdı.

Əsas təhlükə Şimali Koreyanın raket proqramı ilə bağlıdır. Şimali Koreya raket sınaqlarını davam etdirməklə qonşuları Cənubi Koreya və Yaponiya üçün ciddi təhdidlər yaradıb. Bu, Vaşinqtonu da narahat edir. Çünki ABŞ-ın həm Cənubi Koreyada, həm də Yaponiyada hərbi bazaları mövcuddur. Bu o deməkdir ki, Şimali Koreya Cənubi Koreya və ya Yaponiyaya raket atarsa, ABŞ Pxenyana qarşı müharibəyə başlamalı olacaq. Şimali Koreya raket sınaqlarıyla yanaşı, kosmik fəzaya kəşfiyyat peykləri də göndərməyə başlayıb. Şimali Koreya həmin peyklər vasitəsilə ABŞ-ın bölgədəki hərbi bazalarını izləmək imkanı qazanıb”.

Analizdə digər təhlükə kimi Çinin bölgədə artan hərbi gücü vurğulanıb:

“Çin və Şimali Koreya bölgəyə Qərblə gərgin münasibətləri olan Rusiyanı da cəlb etməyə çalışır. Misal üçün Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirmək məqsədilə Şimali Koreyadan raketlər alır, Çinlə birgə dənizlərdə hərbi təlimlər keçirir. Bu hərbi təlimlər ən çox Yaponiyanı narahat edir. Çünki hərbi təlimlər Yaponiya sahillərinə yaxın ərazilərdə keçirilir. Tokio buna görə hərbi xərclərini keçmiş illərlə müqayisədə xeyli artırıb”.

Teqlər: