Cənubi Afrikada daşqın qurbanlarının sayı 448-ə çatıb

Cənubi Afrika Respublikasının cənub-şərqində yerləşən
Kvazulu-Natal əyalətində daşqın nəticəsində ölənlərin sayı 448-ə
çatıb. Bu barədə ölkənin eNCA telekanalı hökumət orqanlarına
istinadla məlumat yayıb.

Trend TASS informasiya agentliyinə istinadla xəbər verir ki,
daşqınlar səbəbindən 60 nəfər itkin düşmüş hesab edilir. Cənubi
Afrika Respublikasının Prezidenti Siril Ramaposa daşqınların
törətdiyi fəsadlara görə, aprelin 18-dən ölkədə ümummilli fəlakət
rejimi elan edib. O, ölkədə humanitar fəlakət baş verdiyini və
insanların çoxuna təcili kömək lazım olduğunu bildirib.

Xatırladaq ki, soyuq hava kütlələrinin təsiri altında aprelin
8-dən başlayaraq Cənubi Afrikada qasırğa dolaşır. Təbii fəlakətdən
daha çox zərər çəkən ərazi Kvazulu-Nataldır.

Bazar ertəsindən etibarən yağıntı azalmağa başlayıb.
Sinoptiklərin proqnozuna görə, yaxın günlərdə ölkədə leysan
gözlənilmir.