“Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi Aİ üçün çox vacibdir – “EU Reporter”

Azərbaycan qazının Avropa İttifaqına nəql olunduğu “Cənub Qaz
Dəhlizi”nin genişləndirilməsi karbon tullantılarının sıfır
səviyyəsinə keçiddə qazın vacib rol oynadığı strategiyanın
reallaşdırılması üçün vacib əhəmiyyət daşıyır.

Trend-in
məlumatına görə, bu barədə “EU Reporter” nəşrində dərc olunmuş
məqalədə deyilir.

Müəllif xatırladır ki, İtaliya, Yunanıstan, İspaniya və
Portuqaliya liderlərinin Romada görüşündən sonra İtaliyanın baş
naziri Mario Dragi tərəflərin Avropa Komissiyasını enerji sahəsində
“kəskin addımlar”ın atması üçün şərait yaratmağa razılığa gəldiyini
bəyan edib. O qeyd edib ki, İtaliya “Cənub Qaz Dəhlizi”nin Avropa
hissəsi olan Trans-Adriatik qaz kəməri (TAP) sayəsində Rusiyadan
qaz tədarükündə mümkün qısamüddətli fasilənin öhdəsindən gələ
bilər.

Bundan başqa, qeyd olunur ki, İspaniya da İtaliyanın enerji
infrastrukturu ilə birgə Pireney yarımadasınadək tədarük marşrutunu
genişləndirəcək yeni dəniz qaz kəmərinin tikintisini təşviq
edir.

“TAP konsorsiumundan bildirirlər ki, kəmərin gücü ildə 10
milyard kubmetrdən 20 milyardadək artırıla bilər. Azərbaycan
qazının iri istehlakçılarında olan Türkiyə ərazisindən keçən
Trans-Anadolu boru kəmərinin (TANAP) buraxılış gücü yaxın dörd-beş
ildə təxminən iki dəfə, 16 milyard kubmetrdən 31 milyardadək
artırıla bilər. Hazırda Azərbaycan qazı ilə doldurulacaq
Yunanıstan-Bolqarıstan interkonnektoru ilə bağlı məsələlər də həll
olunur”, – materialda qeyd olunur.

Məqalədə vurğulanır ki, Bakıda keçirilmiş konfransda Aİ-nin
qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varheyi
Azərbaycan qazını “Aİ enerji balansının çox dəyərli hissəsi”
adlandırıb. Onun sözlərinə görə, kömür istehlakını dayandırmaq və
tullantıları 55 faiz azaltmaq məqsədilə qərbi Balkanlardakı Aİ
üzvlüyünə namizəd ölkələrə də tədarükü genişləndirmək vacibdir.

“Aİ-nin energetika məsələləri üzrə komissarı Kadri Simson
diplomatik tərzdə “qaz tədarükü təhlükəsizliyi baxımından həssas
məqam” barədə danışıb. O qeyd edib ki, Azərbaycan etibarlı və
sınaqdan keçmiş tərəfdaşdır. Azərbaycanda nəhəng neft və qaz
ehtiyatlarının olması ilə yanaşı bərpa olunan enerji sektoru da
inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi,
aparılan birgə enerji siyasəti enerji şaxələndirməsi və enerji
təhlükəsizliyi məsələləri çərçivəsindən kənara çıxır. Belə ki, bu,
ölkələr arasında yeni əlaqələr yaradır, bu əlaqələrin inkişafına,
bu prosesə cəlb olunmuş bütün ölkələr arasında qarşılıqlı etimad
səviyyəsinin yüksəldilməsinə xidmət edir”, – məqalədə deyilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: