Noyabrın 16-sı Cəlilabad Rayon Polis Şöbəsinə 1976-cı il təvəllüdlü Xalidə Əliyevanın itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.
Bu barədə AzerTimes-a Cəlilabad prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin qardaşı 1983-cü il təvəllüdlü Famil Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xalidə Əliyevanı ağac parçası ilə vurub qəsdən öldürməsinə, daha sonra meyitini rayonun Uzuntəpə kəndi ərazisində basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Famil Əliyev şübhəli şəxs qismində saxlanılarkən dindirilib və göstərdiyi yerdən meyit çıxarılaraq müayinəyə təqdim edilib. İş üzrə istintaq davam edir.