4 dekabr 2021-ci il tarixdə Cəlilabad rayonu, Sabirabad kənd
sakini, 1999-cu il təvəllüdlü Vüsal Əliyevin yaşadığı kənd
ərazisində bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada
ölməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai
istintaqı tamamlanıb.
Cəlilabad rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
istintaqla müəyyən edilib ki, zərərçəkmişin həmkəndlisi 1976-cı il
təvəllüdlü Akif Heydərov şəxsi münasibətlər zəminində aralarında
yaranmış mübahisə zamanı Vüsal Əliyevə sağ bud nahiyəsindən bıçaqla
xəsarət yetirmiş, sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada
ölüb.
Toplanmış kifayət qədər sübutlar əsasında Akif Heydərova Cinayət
Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi
ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri
seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.