Cəfərovun müəmmalı ölüm işi – Ana nələri danışdı?

Cəfərovun müəmmalı ölüm işi – Ana nələri danışdı?

Ağdaş sakini Səmayə Cəfərova oğlunun müəmmalı ölümü ilə əlaqədar bütün rəsmi qurumlara müraciət edib. Araşdırmalar davam edən ərəfədə mərhumun ölümü ilə bağlı rəy verən ekspertin səs yazısı ortaya çıxıb. Səs yazısından məlum olur ki, ekspert rəy verən zaman təzyiqlə üzləşib.

AzerTimes xəbər verir ki, Səmayə Cəfərova oğlu İbrahim Cəfərovun polislərin döyüb yetirdiyi xəsarətlər nəticəsində dünyasını dəyişdiyini deyib

1975-ci il təvəllüdlü İbrahim Cəfərov mayın 4-də gecə saatlarında yaşadığı evdə vəfat edib. Lakin anası deyir ki, bu hadisədən bir gün əvvəl Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları onu möhkəm döyüb.

Daxili İşlər Nazirliyi İbrahim Cəfərovun polislər tərəfindən döyülməsi, aldığı xəsarətlər nəticəsində dünyasını dəyişməsi haqda ananın dediklərini təkzib edib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının İbrahim Cəfərova fiziki güc tətbiq etməsi, bundan sonra onun vəfat etməsi haqda iddialar həqiqətə uyğun deyil.

Hazırda Səmayə Cəfərova Ağdaş rayon Prokurorluğunun müstəntiqi Nəriman Bağırov və rəy vermiş ekspertlərdən də narazıdır, onların da cəzalandırılmasını istəyir. Ana bildirir ki, oğlunun ölümüylə bağlı ekspertiza rəyləri saxtadır. Müstəntiq də bu rəylər vasitəsilə işi ört-basdır edir, təqsiri olanları məsuliyyətdən kənarda saxlayır.

Birinci rəyi Ağdaş rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin eksperti Nasir İsgəndərov verib. O göstərib ki, ölümə səbəb qaraciyər sirrozu, Hepatit-lə əlaqədar inkişaf etmiş xroniki ürək çatışmazlığının kəskinləşməsi, ürək-qaraciyər çatışmazlığı olub. Həmin rəydə göstərilib ki, İbrahim Cəfərovun meyitində sağ kürəkaltı nahiyyənin qançır və sıyrığı, VIII-IX qabırğarası sahədə qansızmalar, V-VI qabırğarası nahiyyənin sıyrıqları da aşkarlanıb. Bu xəsarətlər küt alət təsirindən yarana bilər. Amma bu xəsarətlərin ölümün səbəbi ilə əlaqəsi yoxdur.

İbrahim Cəfərovun anası bu rəylə razılaşmayıb, tələb edib ki, yenidən ekspertiza keçirilsin. Bu dəfə Yevlax rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya şöbəsinin eksperti Vahid Xəlilov rəy verib. Bu rəydə isə qabırğanın sındığı göstərilib.

“Sağ kürəkaltı nahiyyənin tış hissəsinin qançırı və sıyrığı, sağ VIII qabırğanın onurğayanı xətt üzrə yerini dəyişməyən sınığı, kənarları qabırğalı, ucu sferik, uzunsov formalı bərk küt alətin təsirindən törənib, həyatidir…”, – deyə ekspert rəydə yazıb. Amma o da qeyd edib ki, ölümlə birbaşa səbəbli əlaqəsi yoxdur.

Ana hesab edir ki, bu xəsarətlərin ölümə səbəb olmaması haqda rəy verməkdə məqsəd əsl günahkarları məsuliyyətdən kənarda saxlamaqdır.

Səmayə Cəfərovanın çoxsaylı şikayətlərindən sonra bu iş müstəntiq Nəriman Bağırovdan alınıb. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov da ona söz verib ki, növbəti ekspertiza rəyi tam obyektiv, hərtərəfli olacaq.

Bu işlə bağlı araşdırma gedən ərəfədə Yevlax rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya şöbəsinin eksperti Vahid Xəlilovun səs yazısı ortaya çıxıb.

Vahid Xəlilov səs yazısında deyir ki, mərhumun ölümünə qabırğasının qırılması səbəb ola bilər. Onun sözlərinə görə qabırğanın qırılmasından sonra yaranan qanın birinci ekspert tərəfindən götürülməsi ehtimalı var.

Ekspert mərhumun ailə üzvləri ilə söhbətində bildirib ki, qabırğanın qırılması ilə bağlı rəy verən zaman Ağdaşın prokuroru Tural İbrahimov ondan birinci ekspertizanın rəyini təsdiqləməsini istəyib. Bundan sonra Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov da ona zəng edərək ilk rəyi təsdiqləməsini istəyib və ona “qorxursan?” deyərək irad da bildirib.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, istintaq araşdırmaları başa çatana qədər bütün məlumatlar istintaq orqanı tərəfindən verilə bilər.

Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, hazırda qeyd olunan faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Ağdaş Rayon Məhkəməsinin qərarı ilə meyitin ekshumasiya edilməsi ilə bağlı qərar verilib.

Teqlər: