Cəbrayılın işğaldan azad olunması ilə düşmənə ağır zərbə vuruldu – Tamam Cəfərova

Cəbrayıl rayonunun düşmən işğalından azad olunmasının ildönümündə cənab Prezident İlham Əliyevin Cəbrayıl rayonuna səfəri mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkə başçısı Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin və eləcə də Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoymaqla başda cəbrayıllılar olmaqla, bütün Azərbaycan xalqına bir daha böyük bir sevinc yaşatdı. Əminliklə deyə bilərik ki, Cəbrayıl rayonunda başlayan quruculuq işləri Böyük Qayıdışın növbəti addımlarından biridir.

AzerTimes xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonu 27 il davam edən işğaldan sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman Ordumuzun şücaəti nəticəsində ötən ilin oktyabrın 4-də düşmən işğalından azad olunmuşdur. Cəbrayılın işğaldan azad olunması düşmənə ağır zərbə vurmuşdur. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. Belə ki, 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.

T.Cəfərova qeyd edib ki, 1993-cü ilin avqust ayının 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonunun 27 il ərzində bütün infrastrukturu dağıdılmaqla yanaşı, maddi-mədəni abidələri də məhv edilmişdir. Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. Şübhəsiz ki, Azərbaycan xalqının birliyi və dövlətimizin gücü sayəsində dağıdılmış bütün tarixi abidələr yenidən bərpa olunacaq.

Azərbaycanın əbədi və əzəli torpaqlarının düşmən işğalından azad olunması xalqımızın şərəfli tarixinin ən mühüm hadisələrindəndir deyən millət vəkili Tamam Cəfərova xüsusilə vurğulayıb ki, Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır.

Teqlər: