Cəbrayılın azad olunması bizim üçün çox böyük mənəvi-psixoloji üstünlük, düşmən üçün isə ağır zərbə idi (“Sahil Kərimli ilə Aktual” videolayihəsi)

Xəbər - Humay Ağacanova -Trend:

44 günlük Vətən Müharibəsində Azərbaycan ordusu yalnız irəliyə gedərək torpaqlarımızın 30 illik işğalına son qoydu. Ordumuzun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov və hərbi ekspert Ruslan İmanquliyev Trend BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibələri zamanı 44 günlük Vətən Müharibəsində Azərbaycanın tarixi qələbəsini şərh ediblər.

Ş.Ramaldanov qeyd edib ki, Vətən Müharibəsindəki hərbi əməliyyatlar əvvəlcədən hazırlanan plan üzrə gedirdi:

“Cəbrayılın azad olunması bizim üçün çox böyük mənəvi-psixoloji üstünlük, düşmən üçün isə ağır zərbə idi. Həmin ərazi strateji cəhətdən çox əhəmiyyətli idi. Ordumuzun cənub istiqamətində əməliyyat aparması düşmən üçün gözlənilməz oldu. Çünki onlar bizi Ağdam-Xankəndi istiqamətində gözləyirdilər.”

Ehtiyatda olan polkovnikin sözlərinə görə, döyüşlərin vahid mərkəzdən idarə olunması çox vacib amil idi. Ali Baş Komandan Prezident İlham Əliyev bütün döyüşlərə bilavasitə özü rəhbərlik edib qərarları təsdiq edirdi:

“İkinci Qarabağ müharibəsi 21-ci əsrin tələblərinə cavab verən müasir tipli müharibə idi. Birinci Qarabağ müharibəsini görmüş biri kimi hazırkı inkişaf etmiş ordumuzla qürur duyuruq. Bütün inkişaf qələbə üçün idi və biz bu qələbəyə nail olduq”


Hərbi ekspert Ruslan İmanquliyev həmçinin Cəbrayıl istiqamətindəki döyüşlərin çox təhlükəli olduğunu bildirib:

“Xüsusi Təyinatlı Qüvvələrin, eyni zamanda hərbi hava qüvvələrinin, raket artilleriya qoşunlarının dəstəyi ilə bu çətin əməliyyat uğurla başa çatdı.

Düşmən sadəcə bizim ordunun tərkibindəki “YAŞMA” adlandırılan, onların qorxulu yuxusuna çevrilən xüsusi təyinatlılarımız haqda bilirdi. Digər qurumlardakı xüsusi təyinatlılardan xəbərdar deyildilər. Dərinliklərdə bütün xüsusi təyinatlı qüvvələrin, eyni zamanda havadan piltosuz uçuş aparatlarının tətbiq olunması düşməni bir anda şok vəziyyətinə saldı.”

Teqlər: