Çantası oğurlanan iki şəhid anası: Utancvericidir…

Çantası oğurlanan iki şəhid anası: Utancvericidir…

Çantamla birgə onun içində oğurlanan nə pul, nə də mobil telefonun mənim üçün heç bir önəmi yoxdur. Məni ağrıdan telefonumda şəhid övladlarımın fotoları, videoları və səs yazılarının olmasıdır. Övladlarımın xatirəsindən yeganə təsəllimi oğurlayıblar. Oğrunun onları silib itirəcəyindən qorxuram.

AzerTimes xəbər verir ki, bu sözləri Mingəçevir Şəhidlər Xiyabanında çantası oğurlanan iki şəhid anası Sevinc Əhmədova deyib.

Vətən müharibəsində eyni vaxtda iki oğlunu – Əli və İslam Əhmədov qardaşlarını tirən şəhid anası başına gələnlərin ağlasığmaz və utancverici olduğunu deyib:

“Görünür Şəhidlər Xiyabanı heç də hər kəs üçün müqəddəs ünvan sayılmırmış. Həmişəkindən heç nə ilə fərqlənməyən bir ziyarətim idi. Oğullarımı ağladım, qəbirlərin üstünü, baş daşını və ətrafını təmizləməyə başladım. Çantamı övladlarımın birinin qəbrinin üstünə qoymuşdum. Özümdə deyildim. Bir də ayıldım ki, nə çanta var, nə də içindəkilər”.

Sevinc Əhmədovanın sözlərinə görə çantada elə də çox pul olmayıb, elə mobil telefonu da çox da bahalı deyil:

“Məni ağrıdan və yandıran şey belə bir yerdə oğurluq hərəkəti və ən əsas da telefonunun içində saxlayıb əzizlədiyim və təsəlli tapdığım xatirələrimin itməsidir. Polisə məlumat verilib və onlar oğrunu tapacaqlarına söz veriblər. Tək qorxduğum şey telefonun içindən övladlarımın şəklərinin, videolarının və səs yazılarının silinə biləcəyidir. Olanım iki oğlum idi, onlar da bu Vətən yolunda şəhid oldu. Yeganə təsəllim onlardan qalan telefonumdakı xatirələridir”.

Teqlər: