“Campbell Biologiya” kitabının BDU və ADPU-da təqdimatı keçirildi

“Campbell Biologiya” kitabının BDU və ADPU-da təqdimatı keçirildi

Hər zaman xeyirxah əməllər həyata keçirən, minlərlə insana maddi və mənəvi dəstək göstərən, Qırmızı Ürəklər (Red Hearts) Fondu bu dəfə təhsil sahəsinə töhfə verərək sosial aksiya həyata keçirdi. Bununla bağlı Bakı Dövlət Universitetində (BDU) və Azərbaycan Dövlət Pedoqoji Universitetində (ADPU) “Campbell Biologiya” kitabının təqdimat tədbiri baş tutdu.

Tədbir zamanı universitetlərin elmi kitabxanasına biologiya elmi öyrənənlər üçün nəzərdə tutulan, dünyaca məşhur “Campbell Biologiya” kitabı təqdim edildi. Qırmızı Ürəklər Fondunun tərəfdaşı olan “Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi”nin və “Yurt Center”in dəstəyi ilə tərcümə edilən və fond tərəfindən nəşr olunan “Campbell Biologiya” kitabını universitetin müəllim və tələbələri istifadə edə biləcəklər.

Tədbirdə Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyeva, “Habitat Tərcümə Layihəsi”nin həmtəsisçisi Araz Zeyniyev, BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor Fərda İmanov, BDU-nun Biologiya fakültəsinin dekanı, professor Afət Məmmədova, ADPU-nun Tədris departamentinin direktoru Sənan Əliyev, ADPU-nun Kimya və biologiya fakültəsində dekanı Reyhan Ağayeva və digərləri çıxış etdilər.

“Fondun bu təşəbbüsü dünyanın qabaqcıl universitetlərində tədris olunan bu kitabı Azərbaycan elminə qazandırmaqdır. Məqsəd bu kitablar vasitəsilə təhsil keyfiyyətinin yuxarı qalxmasını dəstək göstərməkdir. Layihə çərçivəsində kitabın Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin müəllim və tələbələri, həmçinin ölkənin elm ictimaiyyətinin nümayəndələri arasında pulsuz paylanması nəzərdə tutulub. “Campbell Biologiya” indiyə qədər alman, fransız, italyan, türk, fars kimi dillər də daxil olmaqla dünyanın 19 dilinə tərcümə olunub. Çox qürurverici haldır ki, bizim tələbələrimiz, elm ictimaiyyəti biologiya sahəsində olan biliklərə ana dilimizdə yiyələnə biləcək, bu onlar üçün daha əlçatan olacaq. Əminəm ki, kitab ölkəmizdə biologiya elminə maraq göstərən hər kəsə fayda gətirəcək, bioloqların stolüstü kitabına çevriləcək”, – deyə, “Qırmızı Ürəklər” Fondunun prezidenti Sevda Haqverdiyeva bildirdi.

Qeyd edək ki, “Qırmızı ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

Teqlər: