Çağırışçıların diqqətinə: Xidmət yerləri…

Çağırışçıların diqqətinə: Xidmət yerləri…

İyunun 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan Respublikasında 2023-cü ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıları Silahlı Qüvvələr üzrə xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırıb.

Bu barədə AzerTimes-a Dövlət Xidmətindən məlumat verilib. Bununla yanaşı, vətəndaşlar xidmət edəcəkləri qoşun növünü və hərbi hissəni SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsində tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər. Çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni ara məsafə qoymadan daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də xidmət yerləri barədə məlumat əldə edə bilərlər. Qısa mesaj xidməti üçün bütün mobil operatorlara məxsus nömrələrdən istifadə etmək mümkündür.

Çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur.

Qeyd edək ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan öncə – dekabr, mart, iyun, sentyabr aylarının sonunda aktivləşir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mayın 20-də müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988–2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş vətəndaşlarımız 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Teqlər: