Bütün düynanın sevdiyi azərbaycanlı Robert

Bütün düynanın sevdiyi azərbaycanlı Robert

Robert Hossein və yaxud Rober Osseyn…

Onu bütün dünya sevirdi.

O, Parisdə doğulub böyüsə də, özünü azərbaycanlı hesab edirdi.

Dahi aktyor haqqında bildikləriniz və bilmədikləriniz…

Ötən əsrin uzaq 70-ci illəri.

Günlərin bir günü tikintidə çalışan bir tanışım ordan-burdan söhbət açandan sonra astadan soruşdu:

– Sən kitab oxuyansan, bir adam desəm, tanıyarsan?

Təəccüblə çiynimi çəkib dedim:

– O baxır həmin adamın kimliyinə…

Tanışım nədənsə tərəddüdlə dedi:

– Mən fəhlə babayam… Köhnə kişilərdən eşitmişəm ki, bizim bir yerlimiz olub, Əli bəy Hüseynzadə…

Mən əlüstü cavab verdim:

– Bəli, əlbəttə, haqqında oxumuşam. Fyuzatçı olub…

Təbii ki, mənim bu “cavabım” o vaxtkı kitablarda təqdim edilən məlumatlardan qaynaqlanırdı.

Tanışım dedi:

– Düzü, mən onun haqqında təzəlikcə eşitmişəm. Deyilənə görə, Əli bəy Şeyxülislam Salyaninin nəvəsi olub, Türkiyəyə köçüb, orada ölüb. Özü də rəssam olub, oğlu isə məşhur aktyor Robert Hüseyndir, amma Rusiyada daha çox Rober Osseyn kimi tanınır. Əsl ad-familiyası Rüstəm Hüseynzadədir…

Və sonra tanışım kiminsə eşidəcəyindən ehtiyat edirmiş kimi az qala pıçıltı ilə Əli bəy Hüseynzadə ilə uzaq qohumluğunun olduğunu da bildirdi…

Sonralar bildim ki, nəhəng ictimai-siyasi-ədəbi şəxsiyyət və üstəgəl, istedadlı rəssam Əli bəy Hüseynzadənin oğlu Səlim Turan da rəssamdır, özü də… Fransada yaşayır… Fransada həmçinin Robert Hossein adlı dünyaca məşhur bir aktyor da yaşayır. Onu da öyrəndim ki, Robert Hüseynov ilə Əli bəy Hüseynzadənin heç bir qohumluq əlaqəsi yoxdur…

Osseynin əslən kim olduğunu o zamanlar az adam bilirdi. Haradan bilsinlər ki? Çəkildiyi filmlərlə dünyanı, o cümlədən SSRİ-ni dolaşan bu ad hələ özlüyündə heç nə demirdi. O, təbii ki, dünyada fransız aktyoru kimi tanınırdı. Üstəlik də o zaman mövcud olan sistemin “dəmir pərdələri” bir çox məsələrin üstünə də “pərdə” kimi çəkilməkdə idi. Bir də ki, kimin haralı olması çoxları üçün o qədər də maraqlı deyildi… Amma adını ilk dəfə uzaq 70-lərdə adi bir tikinti fəhləsindən eşitdiyim Rober Osseynin (Robert Hossein/Hüseyn) elə foto-şəklindən görünürdü ki, o, zahiri görünüşü etibarı ilə avropalıdan daha çox şərqlidir, azərbaycanlıdır.

Sonralar bildim ki, həqiqətən Fransada Hüseynov (Hüseynzadə) soyadlı çox məşhur bir aktyor yaşayır. Sən demə, əslən azərbaycanlıdır. Daha doğrusu, onun atası Əminulla Hüseynov (Andre Osseyn-Hosseyn) bizim soydaşımız olub, Səmərqənddə doğulub. Gələcək aktyorun anası yəhudidir, bessarabiyalıdır, yəni Moldovadandır. 1927-ci il təvəllüdlü, Parisdə anadan olmuş Rober Osseyni bütün dünyada, o cümlədən keçmiş SSRİ-də tanıdan onun “Anjelika” seriallarında çəkildiyi Qraf Joffrey de Peyrak obrazı olub. Bir zamanlar bu serial filmlər dünyada tufan qoparmışdı. Ann Qolonun (sonralar onun əri Serj Qolon da əsərin müəllifi qismində zühur etdi) 13 cilddən ibarət magik-macəra romanı əsasında çəkilmiş beş seriyalıq filmdə baş rolun ifaçıları – Mişel Mersye və Rober Osseyn qısa bir müddətdə milyonların sevimlisinə çevrildi. Onun “sifətiçapıqlı” şəkli daha çox məşhur idi.

Yeri gəlmişkən, Sovetlərdə böyük ajiotajla qarşılanan filmi rus dilində məşhur aktyorlar səsləndirmişdi. Belə ki, Mişel Mersyeni – Anjelika Sanse de Montelu obrazını dublyajda Natalya Kaznaçeva, Pober Osseynni – Qraf Joffrey de Peyrak obrazını isə Vyaçeslav Tixonov səsləndirmişdi. Yaxşı yadımdadı ki, aktyorlarla yanaşı, onları ekranda səsləndirənlərin adı da az qala Sovetlərdəki bütün sənətsevərlərin dilinin əzbəri idi. Amma burası var ki, dünya Robert Osseyni kinoaktyor kimi tanıyıb sevsə də, o özünü daha çox teatr aktyoru hesab edir.

Rober Osseyn rəsmən üç dəfə ailə qurub. O özü deyirdi ki, mən həyatımı üç dəfə yenidən başlamışam. Onun birinci arvadı dünyaca məşhur rus əsilli aktrisa, müğənni, rəssam, heykəltaraş Marina Vladi olub. Osseynin Marinadan iki oğlu var (İqor və Pyotr).

(M.Vladi sənətsevərlərə yaxşı tanışdır. Yeri gəlmişkən, bu məşhur xanım Osseyndən boşandıqdan sonra aviaşirkət rəhbəri və pilot Jan-Klod Bruye ilə ailə qurub. Marinanın üçüncü əri şair, müğənni və aktyor kimi tanınmış Vladimir Vısotski olub. Vladi Vısotskinın evləndiyi son qadın olsa da, Vısotski Vladinin həyatındakı növbəti kişilərdən biri oldu. Xanım Vladi bundan sonra da öz şəxsi həyatını yaşamaqda davam etmiş, həkim-onkoloq Leon Şvarsenberqlə yenidən ailə qurmuşdur. Mən bunu nə üçün yazdım? Zira rus mətbuatında hətta indi də belə bir fikir təlqin olunur ki, guya Marina Vladi hər gün Vladimir Vısotski üçün göz yaşları tökür. Bu, yalandır).

Sonrakı dövrdə Osseyn Karolina Elyaşev ilə ailə qurub. Karolinanın atası Anatol Elyaşev Bakıda doğulmuş kinoprodüsser idi. Karolina ilə olan izdivacdan Nikolay adlı oğlu dünyaya gəlib.

Onun üçüncü, rəsmən sonuncu arvadı aktrisa Kendis Patudan Jülyen adlı oğlu anadan olub.

Rober Osseynin həyatının ən böyük sevgisi Mişel Votrin adlı aktrisa olub. 1975-ci ildə Rover öz sevimlisi Mişel ilə avtoqəzaya düşür. Mətbuatda belə bir məlumat gedir ki, iki məşhur aktyor – Osseyn və Votrin həlak olub. Hətta Roverin bu xəbəri eşidən yaxınları-doğmaları qəbiristanlıqda qoşa (iki) məzar yeri qazdırırlar. Bütün Paris yas içində idi. Ağır zərbə almış Mişel Votrin həlak oldu. Amma Osseynin qismətində hələ yaşamaq payı varmış; belə ki, o, qəzadan bir müddət sonra ayıldı, sağaldı və öz işinə başladı. Di gəl ki, böyük aktyor öz böyük sevgisinə sadiq qaldı. O öz söhbətlərində etiraf edirdi ki, ürəyinin bir parçası Mişel ilə birlikdə dəfn olunub. Rober Osseyn həyatının sonuna qədər “qoşa məzara” baş çəkər, Mişel Votrinin qəbrinin üstünə güllər səpərdi…

Rober Osseyn özünü azərbaycanlı hesab edirdi. O öz tarixi Vətənini çox sevirdi. Nə yaxşı ki, o, ömrünün ahıl çağlarında dövlətimizin rəhbərliyi səviyyəsində dəvətlə bir neçə dəfə, daha dəqiq desək, üç dəfə Azərbaycana gəldi. Adətən təyyarədə uçmağı xoşlamayan aktyor öz tarixi vətəninə gələrkən bu “fobiyanı” unudardı. Maraqlısı budur ki, 2015-ci ildə Bakıda keçirilən birinci Avropa oyunlarında məşəlçilərdən biri olub.

Osseyn həm də maraqlı memuarlar müəllifidir. Onun “Kor adam” və “Qəbiləsiz gəzərgi” adlı kitabları vardır.

Böyük aktyor Rober Osseyn 2020-ci ildə dekabr ayının 31-də 94 yaşında koronovirusdan vəfat etdi. Yaxınlarının dediyinə görə, o, yeni il şamlarının parıltıları, işıqları altında gözlərini əbədi yumdu.

Teqlər: