“Buster” doza olmayan tələbələr universitetə buraxılacaq? – SORĞU

Xəbər - Humay Ağacanova – Trend:

Bu gündən bütün elm və təhsil müəssisələri işçiləri və tələbələr
üçün peyvənd sertifikatına dair yeni tələb qüvvəyə minib.

Nazirlər Kabinetinin qərarına əsasən, peyvəndin 2-ci dozasının
üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı”
fevralın 15-dən etibarlı hesab edilməyəcək.

Trend “buster” doza olmayan tələbələrin tədris
prosesində iştirak edib-etməməsi ilə bağlı universitetlərə sorğu
ünvanlayıb.

Azərbaycan Texniki Universitetinin (AZTU)
mətbuat katibi Sevinc İsgəndərova Trend-in sualını cavablayarkən qeyd edib ki,
qərar ali təhsil müəssisələrinə də şamil olunur:

“Belə ki, bu gündən yaşı 18-dən yuxarı olan, COVID-19 vaksininin
2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən və 3-cü doza vaksin
olunmayan şəxslərin universitetə girişinə məhdudiyyət qoyulub. Bu
barədə müəllim, tələbə və əməkdaşlara əvvəlcədən məlumat verilib”,
– deyə o əlavə edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin
(ADPU) mətbuat katibi Cavid Hüseynov qeyd edib ki, Nazirlər
kabinetinin müvafiq qərarına uyğun olaraq vaksin pasportu etibarsız
olan tələbə və müəllimlər iştirakına məhdudiyət var.

“Tədris sabahdan bərpa olunacaq və bütün kollektivə qərar çıxan
gündən məlumat verilib. Universitetə buraxılış yalnız etibarlı
vaksin pasportu, əks göstəriş və ya immunitet pasportu ilə
mümkündür”, – deyə o bildirib.


Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat
xidmətinin rəhbəri Cavid Zeynallının verdiyi məlumata görə, 3-cü
doza vaksinin vurulması tələbələrə tövsiyə xarakteri daşıyır:

“2-ci dozanın vaxtı bitənlərə tövsiyə olunur ki, 3-cü doza
vaksini vursunlar”, – deyə o əlavə edib.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin
(AZMİU) mətbuat katibi Nəcibə Mirzəyeva bildirib ki, hazırda 2 doza
vaksinin olmasına nəzarət edirik. 3-cü doza ilə bağlı isə hər hansı
bir göstəriş verilməyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin
(UNEC) mətbuat katibi Elnarə Məmmədovanın sözlərinə görə, peyvəndin
2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd
sertifikatı” fevralın 15-dən qüvvədən düşdüyü üçün həmin şəxslərin
universitetə daxil olmasına məhdudiyyətlər qoyulacaq.

“3-cü doza vurdurmayanlar üçün həftəsonuna qədər möhlət
veriləcək. Lakin gələn həftədən qaydalara uyğun olaraq əks-göstəriş
sertifikatı və ya peyvənd sertifikatı olmayanlar universitetə
buraxılmayacaq”, – deyə o qeyd edib.

Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti
nin (ADNSU) İctimaiyyətlə əlaqələr və
marketinq departamentinin direktoru Bəhruz Nəzərov isə bildirib ki,
fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6
aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab
edilməyəcək.

Teqlər: