30 aprel 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM)
tərəfindən Bakı şəhərinin Nəsimi, Nərimanov rayonlarında, Naxçıvan
Muxtar Respublikasında, Bərdə, Cəlilabad (II hissə), Daşkəsən,
Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad, Xaçmaz (II hissə)
rayonlarında, Şəki şəhərində ümumi (9 illik) orta təhsil səviyyəsi
üzrə buraxılış imtahanı keçirilib.
DİM-dən AzerTimes-a verilən
məlumata görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 107
imtahan binası, 1919 imtahan zalı ayrılıb. İmtahanların idarə
olunmasına 107 ümumi imtahan rəhbəri, 317 imtahan rəhbəri, 2345
nəzarətçi-müəllim, 231 buraxılışı rejimi əməkdaşı (mühafizə), 107
bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 24864 şagirdin iştirakı gözlənilirdi. İmtahanda 9
nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli və digər)
şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün
imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün
tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər
üçün fərdi nəzarətçilər təyin edilib. Eşitmə əngəlli şagirdlər üçün
onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test
kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və
zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait
yaradılıb.İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə
bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri
dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İlkin məlumatlara əsasən, 1 nəfərdə “ağıllı” saat aşkarlanıb və
araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında
olmayan – şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən
sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı
üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər
də olub. Sabah keçiriləcək imtahan iştirakçılarına bir daha
sənədləri ilə diqqətli olmağı və onları qaydasına salmağı tövsiyə
edirik.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab
vərəqlərinin emalına başlanılacaq.
İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların
yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması
nəzərdə tutulur.