Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 mart 2022-ci il
tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan
olunub.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə,imtahanda iştirak
edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2022/netorta/)
daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin
nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan
nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli
tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq
üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru
cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.
İmtahan iştirakçıları iş nömrələrini
buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə
ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar,
Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də
öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması
prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker
yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə
təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən)
yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama
prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi,
işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan
əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding”
(markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və
kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin
tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi
göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl
olunub.
Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı
Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili
fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat
fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13
qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23
qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur.
Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal
bal 100 olmaqla, ümumilikdə 300 baldır. Balların hesablanması
qaydası ilə
linkdəki faylda (2-ci səhifə) tanış ola bilərsiniz.
Bu imtahanlarda iştirakı nəzərdə tutulan 47726 nəfərdən 513
nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu
üçün 13 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 2 nəfər – Bakı şəhəri 125 saylı
və Bakı şəhəri 286 saylı orta məktəblərin məzunları maksimal olan
300 bal toplayıb.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM
tərəfindən 11 aprel tarixindən etibarən onlayn (“Zoom” proqramı və
ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 4-6 aprel
tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni
doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində
qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə
bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı
halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün
apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin
iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri
müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə
ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə,
kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları
pozulduqda müzakirə prosesi dayandırılır.
Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər
DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz
nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli
tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən
imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə
yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və
ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını
müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə
baxılmayacaq.
Qeyd: 12-13 mart 2022-ci il tarixlərində keçirilmiş buraxılış
imtahanlarının nəticələrinin aprelin 10-dək elan olunması nəzərdə
tutulur.