Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermakın görüşü nümayişkaranə antirusiya addımıdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Əgər siz Maltada qondarma Kopenhagen formatında görüşdən danışırsınızsa, biz bunu rəsmi İrəvanın nümayişkaranə antirusiya jesti kimi qiymətləndiririk”, – o bildirib.
O xatırladıb ki, bundan əvvəl Ermənistanın Baş nazirinin arvadı Anna Akopyan Kiyevə gedib:
“Ermənistan parlamentinin sədri Alen Simonyan Dublində Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla əlaqə saxlayıb. Ermənistanın Baş naziri Paşinyan özü Qranadada Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıb. Məncə, İrəvanda ölkəmizə aqressiv şəkildə qarşı çıxanlarla nümayişkaranə flört etdiklərini bilməlidirlər. Təəssüflə qeyd etmək lazımdır ki, respublikanın indiki rəhbərliyi bir müddət əvvəl Ermənistanın sabitliyi və rifahının ən mühüm amili adlandırdığı müttəfiqlik münasibətlərimizi məqsədyönlü və israrla pozur”.
Zaxarova qeyd edib ki, Ermənistanın media resurslarına və onların antirusiya ritorikasına gəlincə, burada açıq rusofob kontekst var:
“Oxuyuram, baxıram. Bunlar sadəcə təhqir deyil, ört-basdır edilməmiş rusofobiyadır. Bu resursların maliyyələşdirilməsinin arxasında kimin dayandığını bilirik. Əgər onlar hesab edirsə ki, biz bunların kimin tərəfindən maliyələşdirildiyini bilmirik, səhv edirlər”.