Bulvarın simvolu Paraşüt qülləsi yenidən qurula bilər?

Bulvarın simvolu Paraşüt qülləsi yenidən qurula bilər?

Paraşüt qülləsi Dənizkənarı Milli Parkın 4 tarixi simvolundan biridir.

AzerTimes xəbər verir ki, 1936-cı ildə tikilmiş Paraşüt qülləsi dənizkənarı park ərazisində ilk əhəmiyyətli obyektdir. Hündürlüyü 75 metr olan qüllə o illərdə Sovet İttifaqında bu tipli tikililər arasında ən hündürü hesab olunurdu. 1960-cı illərdə burada bir neçə dəfə bədbəxt hadisə baş verib. Bundan sonra qüllənin fəaliyyəti dayandırılıb. Qüllənin sökülməsi üçün dəfələrlə təşəbbüs irəli sürülsə də, xatirə olaraq saxlanılıb.

Hazırda daha çox Saat qülləsi kimi tanınır.

Paraşüt qülləsinin müasir avadanlıqlarla təchiz olunub yenidən istifadəyə verilməsi mümkündürmü?

Dənizkənarı Bulvar İdarəsindən saytımıza bildirilib ki, məsələ idarənin gündəmində deyil və bərpası yaxın gələcəkdə gözlənilmir:

“Dənizkənarı Bulvar İdarəsində qüllənin fəaliyyətinin bərpası üçün müzakirələr aparılmayıb. O illərdə qüllə dənizə yaxın idi və dövrə uyğun fəaliyyət göstərirdi. Hazırda Milli Parkın ərazisində infrastruktur çox inkişaf edib. Qüllənin paraşütlə tullanmaq üçün təhlükəsizlik qaydalarına nə qədər cavab verdiyini deyə bilmərik. Amma Bulvar İdarəsi rəhbərliyi hər zaman belə tarixi abidələrin bərpasına təşəbbüs göstərir”.

Qeyd edək ki, Paraşüt qülləsi “Bakinskiy Raboçiy” maşınqayırma zavodunda Bakı Şəhər Sovetinin təşəbbüsü ilə hazırlanıb. Bu qüllədən o illərdə paraşütdən tullanma idman növü ilə maraqlanan hər kəs istifadə edib və ilk hərbi hazırlıq üzrə paraşüt tullanmaları təlimləri də keçirilirib, 20, 25, 60 metr yüksəkliklərdən tullanmaq imkanı yaradılıb.

Teqlər: