Bugünkü buraxılış imtahanlarının nəticələri aprelin 8‑dək elan olunacaq – DİM

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 12-də tam (11
illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

DİM-dən AzerTimes-a verilən
məlumata görə,Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə
əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil
olmasına icazə verilib. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə
(əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.

İmtahan 17 şəhər və rayonda keçirilib.

İmtahanın təşkil edilməsi üçün ümumilikdə 124 imtahan binası,
2058 imtahan zalı ayrılıb. İmtahanın idarə olunmasına 124 ümumi
imtahan rəhbəri, 329 imtahan rəhbəri, 2524 nəzarətçi–müəllim, 249
buraxılışı təşkil edən əməkdaş (mühafizə), 124 bina nümayəndəsi
ayrılıb.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə
imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma
vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında
sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına
buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə
təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən
elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri
dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 4 imtahan iştirakçısında mobil telefon
aşkarlandığı üçün imtahandan xaric edilib.

Martın 13-dən etibarən DİM-də imtahan protokolları və cavab
vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli
tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin
aprelin 8‑dək elan olunması nəzərdə tutulur.

Teqlər: