Bu Zəfəri bizə yaşadanlar üçün birləşək və yaşadaq – Sevil Mikayılova

44 günlük Vətən müharibəsi tariximizin qızıl hərflərlə yazılan, qürur yaşadan səhifələridir. Bu ədalət savaşımızda şanlı Zəfəri Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında, şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədəkarlığı sayəsində qazandıq. Bu gün yaşadığımız sevinci, qüruru biz onlara borcluyuq.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Sevil Mikayılova videoyayım formatında təşkil edilən “YAŞAT” Marafonu zamanı deyib.

S.Mikayılova bildirib ki, şəhidlərdən bizə miras qalan bütöv Vətən, ailələri, övladları isə bizə, qədirbilən Azərbaycan xalqına əmanətdir: “Şəhid və qazi ailələrinə dəstək məqsədilə təşkil edilən bu marafon gözəl, nəcib bir addımdır. Marafonun bütün dünya azərbaycanlılarını “Birlikdə Yaşadaq” şüarı altında birləşdirməsi özü müqəddəs missiyadan xəbər verir. Gəlin, bu günləri bizə yaşadanlar üçün birləşək və yaşadaq! Dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi tək amal uğrunda yumruq kimi birləşərək bu marafonda fəal iştirak etməyə çağırırıq”.

Teqlər: