Azərbaycanın qabaqcıl ölkələrlə eyni vaxtda vaksinasiya prosesinə başlaması yumşalmanın əhatə dairəsini daha da genişləndirdi – TƏHLİL

Xəbər - Alpər Ziya – Trend:

Hazırda koronavirusla əlaqədar dünyanın bir sıra ölkələrində hələ də tam qapanma şəraiti davam edir. Açılım və ya yumşaldılma tədbirlərinə getmək mümkün olmur. Məhz belə bir şəraitdə Azərbaycan uğurlu nəticələr əldə edib və ölkəmizdə pandemiya şəraiti tam nəzarət altındadır.

Ölkədə COVİD-19 infeksiyasının məhdudlaşdırılması ilə bağlı sistemli şəkildə həyata keçirilən tədbirlərin effektivliyi, Azərbaycanın qabaqcıl ölkələrlə eyni vaxtda vaksinasiya prosesinə başlaması ölkəmizdə yumşalmanın əhatə dairəsinin daha da genişlənməsinə şərait yaradıb. Zamanında görülən bu qabaqlayıcı tədbirlər artıq nəticəsini verməkdədir. Belə ki, ölkədə virusa yoluxma sayı günbəgün azalır. Buna paralel olaraq, vaksinasiya prosesi də sürətlə davam etdirilir.

Elə bu səbəbdən Nazirlər Kabineti yanında Operativ Qərargah bu gün xüsusi karantin rejiminin yumşaldılması ilə bağlı bir sıra mühüm qərarlarını açıqladı. Bununla bağlı keçirilən brifinqdə elan edildi ki, 31 maydan etibarən açıq havada maskasız gəzməyə icazə verilir; 31 maydan metro açılır, lakin metrostansiya və qatarlarda tibbi maskadan istifadə zəruridir; 31 maydan bölgələrarası ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir; 10 iyundan etibarən ibadət yerləri, iri ticarət mərkəzləri, çimərliklər açılır, eləcə də idman zallarının fəaliyyəti bərpa edilir.

Yuxarıda sadalanan sahələrin hər birinin açılması Azərbaycan cəmiyyəti tərəfindən səbrsizliklə gözlənilirdi. Çünki qarşıdan yay ayları gəlir. Yayı isə dənizsiz, çimərliksiz təsəvvür etmək olmur. İsti günlərdə tibbi maskadan istifadə də insanları qayğılandıran əsas məqamlardan idi. Təbii ki, iri ticarət obyektləri və idman zalları ilə bağlı verilən qərarlar da tam yerinə düşdü. Lakin hər birimizin ürəyincə olan bu yumşaldılma tədbirləri bir cəmiyyət olaraq bizi arxayınlaşdırmamalıdır. Qorunma tədbirlərinə yenə də xüsusi diqqət etmək lazımdır. Metronun, ibadət yerlərinin, iri ticarət mərkəzlərinin açılması, açıq məkanlarda maska məcburiyyətinin götürülməsi o anlama gəlməməlidir ki, pandemiya başa çatıb. Ona görə də hər kəs təhlükəsizlik tədbirlərinə riayəti davam etdirməlidir. Bu məsələdə vətəndaş məsuliyyəti nə qədər güclü olarsa, ümumi işə də bir o qədər töhfə vermiş olar.

Digər tərəfdən, yoluxmaların sayı azalsa da, ölüm sayı hələ də yüksəkdir və bu da arxayınlaşmağa əsas verməməlidir. Ən əsası, gələcəkdə bu virusla təkrar yaşamamaq üçün vaksinasiya prosesi durmadan davam etdirilməlidir. Sevindirici haldır ki, Azərbaycanda vaksin ehtiyatları kifayət həcmdə toplanıb və geniş vaksin seçimi imkanları yaradılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənmiş vaksinlərin hər biri Azərbaycanda əlçatandır.

Bir məqamı da xüsusi vurğulamaq istərdik ki, artıq Azərbaycanda COVİD pasportları tətbiq ediləcək. Bu pasportlar həm vaksinləşməni sürətləndirəcək, həm də digər məhdudiyyətlərin tezliklə götürülməsinə şərait yaradacaq. Operativ Qərargahın son yumşaldılma qərarlarından sonra artıq hər iki dozanı qəbul edərək vaksin olunan şəxslər bu doğru seçimin üstünlüklərindən istifadə etməyə başlayır. Belə ki, bu pasportlara sahib olan şəxslər 10 iyundan etibarən idman obyektlərindən maneəsiz istifadə edə biləcəklər. Yaxın gələcəkdə isə onlar teatr, kinoteatr, toy və digər şənliklərdə rahatlıqla iştirak edəcəklər.

Teqlər: