Bu ürək xəstələrinə vaksin vurdurmaq tövsiyə edilmir – Həkim

Xəbər - Çingiz Səfərli – Trend:

Anadangəlmə ürək qüsuru olan xəstələrə vaksin vurdurmaq tövsiyə edilmir.

AzerTimes xəbər verir ki, bunu aritmoloq, invaziv kardioloq Fərid Əliyev Səhiyyə Nazirliyinin “Instagram” hesabında “Ümumdünya Ürək Günü” mövsuzunda təşkil olunan canlı yayımda çıxışı zamanı deyib. Onun sözlərinə görə, ümumilikdə ürək damar xəstələrinin əksəriyyəti koronavirusa qarşı vaksinasiya oluna bilər:

“Çox az ürək-damar xəstələri var ki, onlara vaksin vurdurmaq tövsiyə edilmir. Bunlar anadangəlmə ürək qüsuru olan xəstələrdir. Bu xəstəlik həmin şəxslərin ağciyərlərində yüksək təzyiq yaradır və ağciyərlər göyərir. Buna görə, vaksin mənfi təsir edə bilər. Ümumi olaraq ürək-damar xəstələri tam əksinə peyvənd olunmalıdır. Çünki, xəstələndiklərində ölüm riski digər xəstələrdən daha yüksək olur”.


Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə bu ilin yanvar ayının 18-də başlanılıb. Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 417 975, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 730 132, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 687 843 təşkil edir.

Twitter: @cingizsafarli

Teqlər: