Bu türk dünyasının gücünü və qüdrətini artırdı

Bu türk dünyasının gücünü və qüdrətini artırdı

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində baş tutan bu tədbir təşkilata üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə müvafiq dövlət qurumları arasında faydalı əməkdaşlığa yeni təkan verəcək.

AzerTimes xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin Bakıda keçirilən ikinci görüşündə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Onun sözlərinə görə, türk dövlətləri liderlərinin müdrik uzaqgörənliyi və siyasi iradəsi sayəsində ölkələrimiz arasında hərtərəfli münasibətlər ildən-ilə sürətlə genişlənib:

“Ölkələrimiz arasında sıx inteqrasiya prosesləri qarşılıqlı əlaqələri əhəmiyyətli dərəcədə genişləndirib, türk dünyasının birliyini, gücünü, qüdrətini artırıb. 2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş və bütün türk dünyasını sarsıtmış dağıdıcı zəlzələdən sonra bu dəhşətli təbii fəlakətlə mübarizədə türk dövlətlərinin dəstəyi ölkələrimiz arasında həmrəyliyin bariz nümunəsi idi. Bu çərçivədə, fövqəladə hallarla mübarizə üzrə ölkələrimizin aidiyyəti dövlət qurumları arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur”.

Təbii və texnogen xarakterli fövqəladə halların getdikcə geniş vüsət aldığı müasir dünyada ölkələrimizin fövqəladə hallarla koordinasiyalı mübarizəsinin əhəmiyyətini qeyd edən nazir Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin fövqəladə halların idarə edilməsi üzrə nazirlərin ikinci görüşünün və iclas çərçivəsində yekun müzakirəsi keçiriləcək “Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş”in qurumlar arasında əlaqələrin daha da genişlənməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə edib.

Teqlər: