Bu, təhsildə inqilabi dəyişiklikdir – Ekspert

Bu, təhsildə inqilabi dəyişiklikdir – Ekspert

Xarici dövlətlərdə ali təhsil alanların diplomlarının tanınması qaydaları dəyişdi. Məncə, bunlar inqilabi dəyişikliklərdir və insanların təhsil hüququnun təmin olunmasıdır.

AzerTimes xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədli qeyd edib.

Ekspert Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”ndakı yeni dəyişiklərə münasibət bildirib:

“Tədris dili üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə mərhələsi ləğv olunub. Bu, o deməkdir ki, daha təhsil aldığınız dildən imtahan verməyəcəksiniz. Əvəzində bəzi ixtisaslar üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən həmin peşə ixtisasları üzrə təşkil olunan qiymətləndirmə imtahanlarında iştirak edəcəksiz.

Səhiyyə və tibb peşə sahələri üzrə ixtisasların qiymətləndirilməsi zamanı Səhiyyə Nazirliyinin rəyinin alınması da nəzərdə tutulub. Bu, doğru addımdır. Elm və Təhsil Nazirliyi bunu yoxlaya bilməzdi.

Təhsilalanın hər bir tədris ili ərzində müvafiq ixtisas üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yalnız yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınma haqqında müsbət rəy üçün kifayət hesab ediləcək. Yəni əvvəllər qiyabi təhsil alan mütləq şəkildə semestr ərzində 15 gün, əyani təhsil alan 90 gün olmalı idisə, indi bu rəqəm yarıya qədər azaldılıb ki, bu çox yaxşı dəyişiklikdir.

Xarici ali təhsil müəssisələrinin rus, ingilis və türk dillərində təqdim etdikləri təhsil sənədlərinin notarial qaydada tərcümə olunmuş təsdiqinə ehtiyac olmayacaq.

Müvafiq ali təhsil səviyyəsi üçün müəyyən edilmiş minimal kredit sayını toplamayan və (ya) dissertasiya işi yazmayan (magistratura pilləsi üzrə) şəxslərin ali təhsil kvalifikasiyalarının şərti tanınması həyata keçiriləcək. Belə ki, həmin şəxslər yerli ali təhsil müəssisələrinin birində çatışmayan kreditləri toplamalı (praktik dərslərdə) və (ya) magistr dissertasiyası hazırlayaraq müdafiə etməli olacaqlar. Şərtlər yerinə yetirildikdə həmin şəxslərin ali təhsil kvalifikasiyalarının tam tanınması mümkün hesab ediləcək.

Xarici dövlətdə natamam ali təhsil almış şəxslərin ali təhsil kvalifikasiyalarının qismən tanınması həyata keçiriləcək. Başqa sözlə, həmin şəxslərin ali təhsil kvalifikasiyaları üzrə xaricdə toplanmış kreditlərinin tanınması həyata keçiriləcək və onlara qismən tanınma haqqında müvafiq sənəd təqdim olunacaq. Nəticə etibarilə, vətəndaşlar təhsillərinin qalan hissəsini Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində davam etdirmək üçün müraciət etmək hüququna malik olacaqlar”.

Teqlər: