MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şamaxı rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə bu gün Şamaxı şəhərində açılış mərasimi keçirilən “Azərbaycan dili və Ədəbiyyatı Forumu”nun l panelində çıxış edib.
AzerTimes xəbər verir ki, o, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik əlamətdar yubileyi çərçivəsində və ilk dəfə keçirilən forumu çox təqdirəlayiq hadisə kimi dəyərləndirib. Komitə sədri bir sıra önəmli məqamlara və forumun müzakirəyə çıxardığı mövzular üzrə həllivacib məsələlərə toxunub, çağırışlar edib.
Q.Paşayeva forumda aparılan müzakirələrin gələcək fəaliyyət üçün ciddi baza rolunu oynayacağına inamını bildirib.
“İnanıram ki, bu gün Azərbaycan dili və ədəbiyyatının böyük hamisi Ümummilli liderimizin, Şamaxıdan ədəbiyyata, mədəniyyətə Günəş kimi doğmuş klassiklərimizin timsalında, haqq dünyasında olan bütün ustadların ruhu şaddır. Dilimizin, ədəbiyyatımızın keşiyində durmuş bütün klassiklərimizi rəhmərlə anır, yaşayan dilçilərimizə, ədəbiyyat xadimlərimizə uğurlar arzulayırıq” – Paşayeva deyib.
Dövlət dilinin tətbiqi məsələləri ilə bağlı vətəndaşların Milli Məclisin Mədəniyyət Komitəsinə də çoxsaylı müraciətlər etdiyini deyən Q.Paşayeva o müraciətlərin aidiyyəti qurumlara göndərildiyini və bəzən qeyri-adekvat cavablar alındığını vurğulayıb:
“Reklamların dili, müəssisələrin, obyektlərin, məhsulların adı və s. ilə bağlı müraciətləri özəlliklə vurğulaya bilərəm. “Paytaxtın Azərbaycanca danışmayan küçəsi” deyə bir həyəcanlı müraciəti xatırlayıram. Bu, Bakının bir məşhur küçəsi ilə bağlı deyilmişdi. Yəqin, bir çox digər küçələr, meydanlar haqqında da bu və bənzəri cümlələr qurmaq olar. Məncə, cavabdeh qurumlar bu məsələlərə biganə qalmamalıdır. O cümlədən TV-lərimiz, radiolarımız dövlət dilinin tətbiqi, habelə dünya azərbaycanlılarının ana dilimizi, əlifbamızı öyrənməsi üçün zaman-zaman qaldırılmış müxtəlif təkliflərə dair nə işlər görüb – onun haqqında, heç bir iş görməyibsə də bunun səbəbləri barədə belə forumlarda məlumat verməlidir. Çünki dünya azərbaycanlıları fərqli əlifbalarda yazıb-oxuyur və dilimizi də əsasən məişət səviyyəsində bilir. Biz problemlərə geniş planda baxmalı, həllini də ona uyğun tapmalıyıq”.
“Bəli, biz etiraf edirik ki, dövlət dilimizin geniş imkanlarından yetərincə, düzgün yararlanılmır, belə hallar az deyil. Özəlliklə, televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və bayaq da vurğuladığımız kimi, reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud pozulması, leksik, qrammatik qaydalara əməl edilməməsi danılmaz faktlardır. Üstəlik, TV və radiolarda məişət danışığından istifadə olunması, yeri gəldi-gəlmədi yabançı sözlərin, ifadələrin işlədilməsi halları sanki adi hala çevrilib.
Deməli, dilin qayğısına yalnız dövlət orqanları deyil, toplumun irəlidə gedən aydınları qalmalıdır, onlar öz şəxsi örnəkləri ilə görünməlidir, özləri örnək olmalıdır”, – Paşayeva deyib.
Reklam lövhələrində, iaşə obyektlərinin adlarında Azərbaycan dilinə hörmətlə bağlı ciddi problemlər baş alıb getdiyini xatırladan millət vəkili əslində, bununla bağlı qanunların olduğunu qeyd edib: “Sual olunur: bəs əlaqədar qurumlar hara baxırlar?”