Bu, Paşinyanın ikiqat ifşasıdır: Bakı sübut etdi – Petrov

Bu, Paşinyanın ikiqat ifşasıdır: Bakı sübut etdi – Petrov

Ermənistandan Azərbaycanın Qarabağ iqtisadi rayonuna qaçaqmalçılıq yolu ilə silah və yaraqlıların daşınması aşkarlandıqdan sonra sərhəddə və Rusiya sülhməramlılarının müvəqqəti yerləşmə zonasında atəşkəsin pozulması qaçılmaz idi. Bu hücumların hərbi məqsədi yoxdur, yalnız emosional və siyasi xarakter daşıyır. Emosional olaraq hər şey aydındır: Azərbaycanla müharibədə qisas tərəfdarları Qarabağ separatçılarını silahlandırmaq üçün təkcə Laçın yolunun deyil, ona bitişik olan torpaq yolun da bağlanmasından, bütövlükdə Azərbaycan hərbçilərinin bu dolama yolu aşkar edib qarşısını kəsməsindən qıcıqlanırlar. Üçtərəfli Bəyanata əsasən, Xankəndini Ermənistanla birləşdirməyə yalnız Laçın yolunun icazəsi olduğu üçün indi torpaq yolda hərəkət tamamilə dayandırılacaq, bu da separatçıların silahlanmasının da dayandırılacağı deməkdir. Bundan narazı qalan silahlılar atəş açıblar.

AzerTimes xəbər verir ki, bunu erməni separatçılarının Qarabağda törətdiyi təxribatı şərh edən rusiyalı analitik Andrey Petrov deyib.

“Siyasi məqsəd daha mürəkkəbdir. Azərbaycan Ermənistanı Üçtərəfli Bəyanatı kobud şəkildə pozarkən cinayət başında yaxaladı və sübut etdi ki, Paşinyanın, eləcə də onun tabeliyində olanların sülhlə bağlı son aylar səsləndirdiyi bütün sözlər ağ yalandır. İndi Rusiyada da, Avropada da, ABŞ-da da bilirlər ki, Paşinyan İrəvanın Cənubi Qafqazda sülhə nail olmaq istədiyini, Bakının isə maneələr yaratdığını deyəndə bütün vasitəçilər qarşısında yalan danışıb. Əslində Ermənistan hakimiyyəti Qarabağ separatçılarını silahlandırır, onları yeni müharibəyə hazırlayır. Paşinyan üstü açılan yalanla nəsə etməlidir. İrəvan “humanitar fəlakət” haqqında qışqırırdı, özü isə Xankəndiyə yemək əvəzinə gizli şəkildə silahlılar göndərirdi. Ermənistan hakimiyyətinin bu cür ikiqat ifşası sərhəddə və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada gərginliyin artırdı”, – o bildirib.

Ekspert qeyd edib ki, AB “mülki missiyası”nın rəhbəri Ritter Ermənistan-Azərbaycan sərhədində hər hansı pozuntunun olmadığı barədə məlumat verib:

“Və bu açıqlamada bir gün əvvəl Azərbaycanın üç sərhəd rayonundakı mövqelərin atəşə tutulması nəzərə alınmayıb. Avropalılar bununla da bildirirlər ki, onlar Ermənistanla Azərbaycan arasındakı sərhəddə vəziyyətin əsl mahiyyətini izləmək niyyətində deyillər. Çox güman ki, Ermənistan hakimiyyəti onları Azərbaycan mövqelərini atəşə tutmağı planlaşdırdıqları ərazilərə buraxmayacaq. Plan Azərbaycanı genişmiqyaslı əməliyyata təhrik etmək və ora “missionerlər” gətirməkdir ki, onlar İrəvan üçün əlverişli olan məlumatları qeydə alsınlar. Bu sadə məntiqi başa düşən Bakı təxribatlara adekvat cavablar verəcək ki, Paşinyan dünya ictimaiyyətinin diqqətini aydın faktdan yayındıra bilməsin: Ermənistan hakimiyyəti sülhə can atmaqdan danışanda yalan deyir”.

Teqlər: