Bu ölkənin səfiri ölkəmizdə akkreditasiya olmaq istəyir

Bu ölkənin səfiri ölkəmizdə akkreditasiya olmaq istəyir

Qvineya-Bisau Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Alfredu Kriştovau Qomeş Lopeşi Azərbaycanda səfir kimi akkreditasiya olmaq üçün addımlar atacağını vurğulayıb.

AzerTimes xəbər verir ki, bu barədə o, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə görüşündə deyib.

Azərbaycan-Qvineya-Bisau münasibətlərindən söz açan səfirlər, bir çox sahələrdə, o cümlədən turizm, təhsil sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edərək, Qvineya-Bisaudan olan tələbələrin Azərbaycanın akademiya və universitetlərində təhsil almaq üçün hər cür imkan və şəraitin mövcudluğunu vurğulayıblar.

Polad Bülbüloğlu Ermənistan-Azərbaycan münaqişəsi, onun tarixi, uzun illər aparılmış və heç bir fayda verməyən danışıqlar prosesi, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi və digər beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərin mahiyyətindən bəhs edərək, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun Vətən müharibəsində qazandığı parlaq qələbə haqqında danışıb, Azərbaycanın öz suveren torpaqları naminə vuruşduğunu və belə halda beynəlxalq hüquqa, haqq-ədalət prinsiplərinə əsaslanaraq beynəlxalq təşkilatlarda düzgün mövqelərə dəstək verməyin vacib olduğunu bildirib.

Eyni zamanda, səfir postmünaqişə dövrü, azad olunmuş ərazilərimizdə sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib və Qvineya-Bisau səfirini işğaldan azad edilmiş ərazilərimizə dəvət edib.

Sonda qonağa Heydər Əliyev Fondu tərəfindən nəfis şəkildə çap edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib.

Teqlər: