Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri
azad olunan ərazilərimizin minalardan və partlamamış döyüş
sursatlarından təmizlənməsi işlərini davam etdirir.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
mühəndis-istehkam bölmələri tərəfindən nəqliyyat vasitələrinin
təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar minalardan və
qar örtüyündən təmizlənir, dağlıq və çətin keçilən ərazilərdə
yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir.
Həmçinin əkin sahələrinin minalardan təmizlənməsi üzrə fəaliyyətlər
icra olunur.
Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə
yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur
obyektlərinə yönəldilib.
Azad olunan ərazilərdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti
nəticəsində 2022-ci ilin əvvəlindən bu günədək 955 hektardan artıq
ərazi tam təmizlənib, 233 ədəd mina və partlamamış döyüş sursatı
aşkar olunaraq məhv edilib.
Ümumilikdə işğaldan azad olunan ərazilərdə bu günədək
mühəndis-istehkam bölmələri tərəfindən 14448 hektardan artıq ərazi
tam təmizlənib, 6092 ədəd piyada əleyhinə, 2159 ədəd tank əleyhinə
və 9237 ədəd müxtəlif növdə partlamamış hərbi sursat aşkarlanaraq
məhv edilib.
Azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının
aşkar olunaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı
üzrə digər zəruri tədbirlər davam etdirilir.