Xəbər - Samir Əli – Trend:
Bakının sərnişindaşıma sahəsinin standartlara uyğunlaşdırılması
istiqamətnidə tədbirlər davam etdirilir. Son günlər bir neçə özəl
daşıyıcı tərəfindən paytaxta yeni sərnişin avtobusları gətirilib və
istismara verilib. Sərnişin rahatlığını təmin etmək üçün daha hansı
vacib tədbirlər görülməlidir, paytaxtın avtobus parkının
yenilənməsi üçün görülən işlər necə davam edir?
Bu və ya digər məsələlərlə bağlı Bakı Nəqliyyat Agentliyinin
Mətbuat katibi Mais Ağayev AzerTimes-ın suallarını cavablandırıb.
– İctimai nəqliyyatın tənzimlənməsi və inkişafına dair sistemli
tədbirlər eləcə də nağdsız ödəniş sisteminə keçidlə şərtlənən
maliyyə şəffaflığının güclənməsi özəl daşıyıcıların avtobus
parkının yenilənməsinə marağını artırır. Son on gündə iki özəl
daşıyıcı şirkət tərəfindən 62 ədəd müasir sərnişindaşıyan avtobus
alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb.
Avtobusların 12 ədədi İsuzu markalı Azlənd-Plaza MMC, 50 ədədi isə
Otocar markalı “Xaliq Faiqoğlu” MMC tərəfindən alınıb. Bu
avtobusların hər biri sərnişindaşıma tələblərinə tam cavab verən
nəqliyyat vasitələridir. Avtobusların gətirilməsi qeyd olunan
daşıyıcıların müvəqqəti istismarında olan marşrut xətlər üzrə
sərnişindaşımaların vəziyyətinin yaxşılaşdırılması baxımından
olduqca əhəmiyyətlidir.
Artıq bunun real təsirləri hiss olunmaqdadır. Belə ki, “Xaliq
Faiqoğlu” MMC-nin aldığı yeni avtobuslar 18, 61, 65 və 85 nömrəli
müntəzəm marşrut xətləri üzrə istifadəyə verilməklə bu xətlərdən
çıxarılan “İsuzu” markalı avtobuslar 119, 135 və 199 nömrəli
xətlərdə istismarda olan “Daewoo” markalı avtobusları əvəz etdi.
Nəticədə Bakı-Xırdalan istiqamətində gündəlik 100 min nəfər
vətəndaşımızın ictimai nəqliyyata olan tələbatı daha etibarlı və
daha keyfiyyətli şəkildə təmin edilir.
Qarşıdakı aylarda “Xaliq Faiqoğlu” MMC-nin müvəqqəti
istismarında olan digər xətlər üzrə də yenilənmələr olacaq. Çünki
daşıyıcı şirkət qardaş Türkiyə respublikasının Otocar şirkətindən
ümumilikdə 120 ədəd iritutumlu avtobusun alınması ilə bağlı
müqavilə imzalayıb.
Yaxın vaxtlarda daha bir daşıyıcı şirkət “Çinar-Trans” MMC
tərəfindən də Bakı şəhərinə yeni avtobusların gətirilməsi
planlaşdırılır. Daşıyıcının təqdim etdiyi məluamata əsasən 59 ədəd
12 metrlik sərnişin İsuzu markalı avtobusunun alınacaq. 25 ədədi bu
ilin iyununda şəhərimizə çatdırılması nəzərdə tutulan avtbuslar 133
və 202 nömrəli xətlər üzrə sərnişindaşımaların yaxşılaşdırılmasına
imkan verəcək.
Eyni zamanda dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq
bu il şəhərimizə 170 ədəd 9 metrlik BMC markalı avtobusun
gətirilməsi nəzərdə tutulub. Xatırladım ki, 2020-ci ilin
dekabırında BNA ilə qardaş Türkiyənin BMC şirkəti arasında 320 ədəd
avtobusun alınmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən
alınan avtobuslardan 150 ədədi 12 metrlik qalan 170-i isə 9 metrlik
avtobuslardır. Çatdırılma planına uyğun olaraq 150 ədəd 12 metrlik
avtobusların hamısı artıq şəhərimizdədir. Yaxın vaxtlarda 9 metrlik
avtobusların çatdırılmasına start veriləcək. 9 metrlik avtobusların
gətirilməsi ətraf kənd və qəsəbələr üzrə sərnişindaşımaların
vəziyyətinin yaxşılaşdırılması baxımından olduqca
əhəmiyyətlidir.
– Həyata keçirilən tədbirlər sayəsində avtobus parkında
yenilənmə səviyyəsi necədir?
– Vətəndaşlara həm keyfiyyət həm də təhlükəsizlik baxımından
daha müasir sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə
avtobus parkının yenilənməsi daim diqqətdə saxlanılır. Dövlət
başçısının tapşırığına uyğun olaraq son illərdə paytaxtın marşrut
şəbəkəsində istismarda olan avtobusların 53 %-i yenilənib.
Sərnişindaşıma tələblərinə tam cavab verən bu avtobusların 67%-i
CNG (sıxılmış təbii qaz) mühərriklidir ki, bu da şəhərin ekoloji
vəziyyətinin yaxşılaşdırılması baxımından önəmli faktordur.
– Avtobus parkının yenilənməsi sərnişindaşımaların
yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Bəs nəqliyyat
sıxlığının azaldılması baxımından bu tədbirlərin nə kimi təsiri
var?
– Çox böyük təsiri var. Çünki əhalinin şəhər mühitində hərəkət
imkanlarını yaxşılaşdırmaq baxımından ən vacib məqam ictimai
nəqliyyatda göstərilən xidmətin səviyyəsini artırmaqdır. Çünki
fərdi avtomobillərdən istifadə ilə müqayisədə ictimai nəqliyyatdan
istifadə bir sıra baxımından daha səmərəli hesab edilir. Burada
söhbət həm iqtisadi həm ətraf mühit həm də şəhər yolların daha az
yüklənməsindən gedir.
İri şəhərlərin təcrübəsinə əsasən deyə bilərəm ki, ictimai
nəqliyyat şəhər mobilliyinin təmin olunmasında başlıca rola
malikdir. Ona görə də iri şəhərlər üçün ictimai nəqliyyatın
cəlbediciliyini artırmaq prioritet məsələdir. Son 6 ildə həyata
keçirdiyimiz tədbirlər yəni avtobus parkının yenilənməsi, ictimai
nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, əlçatanlıq üçün
marşrut şəbəkəsinin optimallaşdırılması və ən əsası isə səhayət
müddətlərinin azaldılması məqsədi ilə xüsusi zolaqların təşkilində
də hədəf məhz budur. Bir sözlə son 6 ildə paytaxtımızın nəqliyyat
sahəsində həyata keçirilən sistemli tədbirlərə nəzərə yetirsək
görərik ki, şəhər mobilliyi kimi müasir nəqliyyat çağırışları əsas
faktor kimi götürülüb.