Autizm üzrə məşhur amerikalı mütəxəssis 1 saylı Uşaq Reabilitasiya Mərkəzində olub (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Autizm üzrə məşhur amerikalı mütəxəssis, “Child with a Future”
fondunun təmsilçisi Bill Piters Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və
Reabilitasiya Agentliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində
olub.

Trend xəbər verir ki,
Bill Piters hələ 2 yaşında olarkən onda autizm xəstəliyi aşkar
olunub. Böyüdükcə ardıcıl səylərlə və bacarıqla sosial həyata
adaptasiya olan 40 yaşlı B.Piters hazırda bu sahədə məşhur
mütəxəssislərdən biridir. O, həyatını eyni diaqnozu olan
başqalarına gündəlik həyatda lazım olan bacarıqlara yiyələnməkdə,
sosiallaşmada kömək etmək üçün autizmli insanlarla, onların
ailələri ilə ünsiyyət quraraq öz məsləhətləri, seansları ilə
dəstəyini göstərir.

Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri
göstərilən autizm sindromlu sağlamlıq imkanları məhdud uşaqlarla
görüşən mütəxəssis onlarla sosial-psixoloji seanslar təşkil edib.
B.Piters müəssisədə autizm sindromlu uşaqlara göstərilən
reabilitasiya və sosial-psixoloji xidmətlərlə də yaxından tanış
olub.

Bildirilib ki, Agentliyin 1 və 2 saylı Uşaq Reabilitasiya
Mərkəzlərində ötən il ərzində 524-ü stasionar olmaqla, ümumilikdə,
1026 sağlamlıq imkanları məhdud uşağa reabilitasiya xidmətləri
göstərilib. Bu ilin əvvəlindən isə həmin mərkəzlərdə 620 sağlamlıq
imkanları məhdud uşaq reabilitasiyaya cəlb edilib.

Agentlik tərəfindən icra edilən daha bir dəstək layihəsi
çərçivəsində ötən il 200-dən çox, bu il isə 40 sağlamlıq imkanları
məhdud uşağın valideyninə psixoloji dəstək və reabilitasiya ilə
bağlı maarifləndirici sessiyalar keçirilib.

Teqlər: