Bu il Bakı və Paris arasında münasibətlər son dərəcə çətin, “fırtınalı” şəraitdə inkişaf edib – Səfir Rəhman Mustafayev (MÜSAHİBƏ)

Trend BİA-nın Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevlə özəl müsahibəsi

– Cənab səfir, bu günlərdə Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın İl-de-Frans regional şurasının sədri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Valeri Pekresin başçılıq etdiyi bir qrup fransalı siyasətçinin Xankəndi şəhərinə qanunsuz səfəri ilə əlaqədar Fransa Xarici İşlər Nazirliyinə növbəti etiraz notasını təqdim edib. Fransa tərəfdən hansı reaksiya gözləyirsiniz?

– Bu səfər ölkəmizə, onun suverenliyinə, ərazi bütövlüyünə qarşı misli görünməmiş və aşkar düşmənçilik hərəkətidir. Bu, təkcə Fransanın beynəlxalq və ikitərəfli öhdəliklərini deyil, həm də onun milli qanunvericiliyini, Konstitusiyasının müvafiq maddələrini, Yerli Hakimiyyətlər haqqında Ümumi Məcəlləni, həmçinin Daxili İşlər Nazirliyinin və Fransanın Avropa və Xarici İşlər Nazirliyi rəhbərləri tərəfindən 2018-ci il mayın 24-də imzalanmış yerli hakimiyyət orqanlarının beynəlxalq fəaliyyəti üçün hüquq çərçivələri müəyyən edən direktivi pozur.

Son iki sənəddə qanunun pozulması halında yerli hakimiyyət orqanlarının, prefektlərin nə etməli olduğu aydın şəkildə göstərilib. Onlar məhkəmə qaydasında bu səfərə qarşı etiraz etməli və səfər zamanı əldə edilən bütün razılaşmaları etibarsız hesab etməlidirlər. Bizim gözlədiyimiz budur. Yəni biz gözləyirik ki, “qanun aliliyi” və “hüquq dövləti”ndən bu qədər danışan rəsmi Fransa ən azı öz qanunvericiliyinə hörmətlə yanaşacaq və əməl edəcək.

Yerli hakimiyyət orqanlarının prezidentin müstəsna səlahiyyətinə aid olan xarici siyasət, müdafiə və təhlükəsizlik sahələrinə müdaxilə etmək hüququ yoxdur. Bu prinsip konstitusiya və qanunvericiliklə təsbit edilib. Və bu prinsip passiv deyil, aktiv xarakter daşıyır, yəni istənilən pozuntuya qarşı hüquqi, məhkəmə reaksiyasını nəzərdə tutur. Ona görə də bu təxribatçı səfərə prefektlərin reaksiyasının olmaması onu ifadə edəcək ki, Fransa hüquq sistemi elektoral və lobbi kampaniyalarının bilavasitə təsiri altındadır. Bu, ilk növbədə Fransanın özü üçün təhlükəlidir.

– Bu təxribatçı səfərin Fransanın imici və ölkələrimiz arasında ikitərəfli münasibətlərə hansı təsiri olacaq?

– Məlum məsələdir ki, bu səfər Fransanın imicinə və bu yaxınlarda Brüsseldə Ermənistanla Azərbaycan arasında baş tutan, kifayət qədər konstruktiv şəraitdə keçən qeyri-rəsmi görüşün təşkili ilə bağlı uğurlu təşəbbüslə çıxış edən prezidentinin sülhməramlı səylərinə mənfi təsir göstərdi.

İkitərəfli münasibətlərə gəldikdə, qeyd etdiyim kimi, bu, müvafiq prefektin fəaliyyətindən və ya fəaliyyətsizliyindən, rəsmi orqanların sonrakı bəyanatlarından və addımlarından asılıdır. Amma ümumilikdə bu, Parisə münasibətdə bizim prinsipial xəttimizə təsir etməyəcək. Bunun əsasında Fransanın “qırmızı xətlərimizi” keçəcəyi təqdirdə sərt reaksiyanın və mümkün olan, bizim üçün faydalı məqamlarda bu ölkə ilə dialoq və əməkdaşlığın inkişafına konstruktiv, praqmatik yanaşmanın birləşməsi dayanır. Biz hər zaman buradakı tərəfdaşlarımıza xatırladırıq ki, ikitərəfli münasibətlərin qorunması və inkişafına görə məsuliyyət hər iki tərəfin üzərinə düşür. Məhz buna görə də bu münasibətlər “ikitərəfli” adlanır.

– 2021-ci il Fransa ilə münasibətlərdə asan il olmayıb. Sizin fikrinizcə, bu ilin əsas nailiyyətləri nələrdir?

– Başa çatmaqda olan ildə münasibətlərimiz son dərəcə çətin, mən deyərdim ki, “fırtınalı” şəraitdə inkişaf edib. “Republikaçı şahin”lərin ötən ilin payızında Azərbaycana qarşı başlatdığı ideoloji və informasiya müharibəsi səngimir. “Respublikaçılar”ın bir çox aparıcı nümyəndələri, sanki 11-13-cü əsrlərin dini-hərbi yürüşləri dövrünə qayıdıblar.

Ermənistanın Fransadakı “müştəriləri” tərəfindən ölkəmizə qarşı təxribat və təzyiqlər onun mərkəzi, yerli və qanunvericilik hakimiyyətinin bütün səviyyələrində davam edir. Rəsmi orqanlar kənar müşahidəçi mövqeyi tutur və bu vəziyyətə qarışmırlar. Lakin onlar buna müdaxilə etməlidirlər, çünki bir daha vurğulayıram ki, Fransanın milli qanunvericiliyi pozulur.

Amma, eyni zamanda Cənubi Qafqazda yaranmış yeni regional nizam, prezidentin qətiyyətli mövqeyi və ölkəmizin diplomatiyası sayəsində Fransa siyasəti yavaş-yavaş da olsa post-müharibə, post-münaqişə vəziyyətinə uyğunlaşır. Onun siyasətində yeni gündəliyə uyğun olan elementlər – minaların təmizlənməsi, ölkəmizin itkin düşmüş vətəndaşlarının axtarışı, işğaldan azad edilmiş ərazilərin bərpası, delimitasiyanın təşviqi və etimadın möhkəmləndirilməsi kimi bizim üçün aktual olan vəzifələrin həllinə töhfə verməyə hazır olması məsələləri yer alıb. Parisin mövqeyində daha bir vacib dəyişikliyi qeyd edim: noyabrın 11-də Fransanın xarici işlər və müdafiə nazirləri birgə bəyanatlarında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının vacibliyini vurğulayıblar. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun noyabrın 10-11-də Parisə səfərinin, Yelisey sarayında və Fransa Xarici İşlər Nazirliyində keçirdiyi görüş və danışıqların konstruktiv xarakterini də qeyd etmək istərdim.

Aydındır ki, Fransanın siyasəti nəticəsində münasibətlərimizdə yaranan fundamental problemlər həllini tapmayıb, lakin ümumilikdə onun mövqeyində müsbət dinamika müşahidə olunur. Ən əsası isə Parisdə artıq başa düşməyə başlayırlar ki, “münaqişənin tənzimlənməsi” məsələsində əvvəlki gündəliyə qayıdış olmayacaq və Fransanın post-münaqişə dövründə regiondakı mövqeyi böyük hesabla onun ölkəmizlə münasibətlərindən asılı olacaq.

Teqlər: