2022-ci ilin ötən dövründə 51-i oğlan, 41-i isə qız olan 92 uşaq
övladlığa götürülüb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə verilən məlumata görə, onlardan 58-i
0-3 yaş, 26-sı 4-11 yaş, 8-i 12-18 yaş aralığındadır.
Övladlığagötürmə üzrə idarəetməni 1 noyabr 2019-cu il tarixindən
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Bu
sahədə yeni idarəetmə modeli yaradılmaqla, xidmətlərin
elektronlaşdırılması, şəffaf və çevik xidmətlər sisteminin
qurulması təmin edilib.
Uşaqlar övladlığa götürüldükləri ailələrdə layiqli həyat
tərzinin, fiziki-mənəvi inkişafının təmin olunmasına güclü nəzarət
həyata keçirilir.
Övladlığa götürülən uşaqlar 18 yaşına çatanadək
övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə
bir dəfə onların ailələrdəki vəziyyətinin öyrənilməsi üçün
monitorinqlər aparılır.
Bu ilin ötən dövründə sosial xidmət müəssisələrindən 42 uşaq da
öz bioloji ailəsinə reinteqrasiya edilib. Onlardan 15-i qız, 27-si
oğlandır.
Ailəsinə qaytarılmış uşaqlardan 3-ü sağlamlıq imkanları məhdud
uşaqlardır.
Reinteqrasiya edilmiş uşaqların 3-ü 0-3 yaş, 8-i 4-6 yaş, 16-sı
7-12 yaş, 15-i 13-18 yaş aralığındadır.