Bu həftə 46 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək

Xəbər - Humay Ağacanova – Trend:

Dövlət İmtahan Mərkəzi 12 və 13 martda tam (11 illik) orta
təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahanların
başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa
çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə
imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma
vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış
vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına
buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün
(burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə
etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses
(buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk
edilməsi) boyu istifadə olunmalıdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

-İmtahana buraxılış vərəqəsi;

-Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap
edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin
özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan
nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə
çap olunmalıdır);

– Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet
vasitəsilə DİM-in saytından martın 2-dən etibarən çap edib götürə
bilirlər.

İmtahanlar 12-13 mart tarixlərində respublikanın 31 şəhər və rayonunda keçiriləcək.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə
222 imtahan binası, 3553 imtahan zalı ayrılıb. İmtahanların idarə
olunmasına 222 ümumi imtahan rəhbəri, 579 imtahan rəhbəri, 4393
nəzarətçi-müəllim, 429 buraxılışı rejimi əməkdaşı (mühafizə), 222
bina nümayəndəsi ayrılıb.

Martın 12-də keçiriləcək imtahanlarda 26 697, martın 13-da
keçiriləcək imtahanlarda isə 19 418 nəfər olmaqla, ümumilikdə 46
115 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanlarda 36 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil,
eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu
abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan
binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi
nəzarətçilər təyin edilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan
rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir.
Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında
abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait
yaradılıb.

Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə
uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər –
hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə
uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu
vasitələrlə (əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.
İmtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan
rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız
COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan
şəxslər cəlb olunacaqlar.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə
təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları,
binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə
İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan
iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən
hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən
istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan
şəxslər buraxılır.

İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün
yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq
edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf
uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü
göstərməlidir.

DİM tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun
imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici
videoçarx və davranış qaydaları ilə buradan tanış ola bilərsiniz.

Teqlər: