Bu gündən Bakı və Abşeron ərazisində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları başlayıb (FOTO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Bu gündən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı və Abşeron
ərazisində üç fərqli ünvanda “Kənddən Şəhərə” həftəsonu
yarmarkaları başlayıb. Yarmarkaların təşkilində əsas məqsəd yerli
fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni
zamanda şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə
dolğun şəkildə təmin etməkdir.

Trend xəbər verir ki, budəfəki yarmarkalarda ümumilikdə 40-dan
artıq regiondan 100-ə yaxın fermer tərəfindən 50-ə yaxın çeşiddə
təbii kənd təsərrüfatı və qida məhsullarının satışını həyata
keçirir.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək
məqsədilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin
Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Vətəndaşlar
yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət
göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən
ödənişsiz şəkildə faydalana bilərlər.

Qeyd edək ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl
olunmaqla baş tutur. Yarmarkada iştirak edən fermerlər ödənişsiz
şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi
ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və
s.) da təmin olunublar. Yarmarkaya alış-verişə gələcək
vətəndaşların temperaturları ölçüləcək, tibbi maskadan istifadəyə
və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək. Eyni
zamanda, yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri
aparılacaq.

“Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət
göstərəcək:


– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro
stansiyasının çıxışı)

– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab”
kinoteatrının yanı)

– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A

Xatırladaq ki, “Kənddən Şəhərə” həftəsonu yarmarkası martın
7-dək fəaliyyət göstərəcək.

Teqlər: