Bu gün təyin olunan üç icra başçısı kimdir? – DOSYE (FOTO)

Xəbər - Fərid Zöhrabov -Trend:

Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Coşqun
Cəbrayılovu Bakının Nizami, Elgin Həbibullayevi Nərimanov və Elxan
İbrahimovu Kürdəmir rayon icra hakimiyyətlərinin başçısı təyin
olunub.

Trend yeni təyin olunan icra başçılarının dosyelərini təqdim
edir:

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan
Elxan İbrahimov yeni təyinatadək Şamaxı Rayon İcra
Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili
və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, daha əvvəl Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və
maliyyə işləri üzrə rəhbər vəzifələr tutub.

Məlumata görə, Elxan İbrahimov Azərbaycan Kooperasiya
Universitetinin məzunudur. O, sonradan təhsilini İsveçin Stokholm
İqtisadiyyat Məktəbində davam etdirib. Rus və ingilis dillərində
sərbəst danışır.

Ailəlidir, 3 övladı var.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan
Elgin Həbibullayev isə 7 aprel 1977-ci ildə Bakı
şəhərində anadan olub.

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit
fakültəsini fərqlənmə diplomu ilə bitirib. Harvard Biznes
Məktəbinin idarəetmə proqramının məzunudur.

Elgin Həbibullayev son təyinatadək Bakı Şəhər İcra Hakimiyyəti
başçısı Aparatının rəhbəri vəzifəsində çalışıb. Daha öncə Sumqayıt
Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində və icra
hakimiyyəti strukturlarında müxtəlif məsul vəzifələrdə
çalışmışdır.

Ailəlidir, iki övladı var.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan
Coşqun Cəbrayılov bu vəzifəyə təyin olunana qədər
Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli
özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri olub. O, bu
vəzifəyə 2018-ci ilin sentyabrında təyin olunub.

Daha əvvəl isə Coşqun Cəbrayılov Səbail Rayon İcra
Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları
ilə iş şöbəsinin müdiri olub. O, daha əvvəllər Sumqayıt Şəhər İcra
Hakimiyyətində də bu vəzifəni icra edib.

Teqlər: