Xəbər - Fərid Zöhrabov – Trend:
Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri,
adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz
gəlir.
Trend xəbər verir ki,
ta qədimdən Novruz təbiətin canlanmasının, torpağın oyanmasının,
ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın
ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi deməkdir.
Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük
önəm verir.
Rəvayətə görə, Tanrı ilk insanı – Adəmi yaradarkən torpağa su
qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib,
baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu
canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün tarix boyu
onları müqəddəsləşdirərək, hərəsinə bir gün ayırıb. Beləcə, yazın –
Novruzun müjdəçiləri olan Su, Od, Yel, Torpaq çərşənbələri
yaranıb.
Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir. Su çərşənbəsi ilə
bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu
yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su
çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün
mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən
müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın
dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl
çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi
də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu
yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf
olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir.
Su çərşənbəsi suya tapınma ilə başlayır. Su üstündən atlanmaq,
arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu
gətirmək və s. bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən
bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə
bağlı su falları da mövcuddur.
Deyirlər, su həyat mənbəyi, aydınlıq rəmzidir.
Ömrünüz su qədər uzun və pak olsun!
Qeyd edək ki, martın 1-də Od, 8-də Yel (Hava), 15-də isə
axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli Azərbaycana
martın 20-si saat 19:33-də daxil olacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən bu il mart
ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-si bazar
gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci
bəndinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25
mart qeyri-iş günü olacaq. Beləliklə, 19, 26 və 27 mart tarixləri
də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Novruz bayramı ilə
əlaqədar 9 gün ardıcıl (19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart)
iş olmayacaq.