Bu gün növbəti buraxılış imtahanı keçirilib

23 aprel 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən
Bakı şəhərinin Qaradağ, Yasamal rayonlarında, Ağdaş, Ağsu,
Beyləqan, Cəlilabad (I hissə), Hacıqabul, Goranboy, Qobustan,
Tovuz, Xaçmaz (I hissə) rayonlarında, Naftalan, Şirvan və
Sumqayıt (II hissə) şəhərlərində ümumi (9 illik) orta
təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Mərkəzdən
Trend
-ə verilən məlumata görə, imtahan keçirilən şəhər və
rayonlarda ümumilikdə 96 imtahan binası, 1611 imtahan zalı ayrılıb.
İmtahanların idarə olunmasına 96 ümumi imtahan rəhbəri, 258 imtahan
rəhbəri, 2005 nəzarətçi-müəllim, 198 buraxılışı rejimi əməkdaşı
(mühafizə) və 96 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 21337 şagirdin iştirakı gözlənilirdi. İmtahanda
fiziki məhdudiyyətli (I qrup gözdən əlil, hərəkət məhdudiyyətli)
şagirdlər də iştirak ediblər. Onların rahat şəkildə imtahan verməsi
üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün
tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər
üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli
şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti
üçün də xüsusi şərait yaradılıb.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən
elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri
dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 1 nəfərdə “ağıllı” saat aşkarlanıb və
araşdırma aparılması üçün imtahan qərargahına təhvil verilib.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında
olmayan – şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən
sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı
üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər
də olub.

30 aprel və 1 mayda keçiriləcək imtahanlarda iştirak edən
şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli
olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq
edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər
digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü
şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi
unutmasınlar.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab
vərəqlərinin emalına başlanılacaq.

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların
yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması
nəzərdə tutulur.

Teqlər: