Bu gün XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri –
Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü tamam
olur.
Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri
doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əziz
qızı Əliyeva 28 aprel 1923-cü ildə Şərur rayonunun Şahtaxtı
kəndində anadan olub.
O, 1942-ci ildə orta məktəbi bitirdiktən sonra Azərbaycan Dövlət
Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub və
1947-ci ildə həmin institutu bitirib. Sonra Moskva şəhərində
Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə
ixtisaslaşdırma kursu keçib.
1950-ci ildə Zərifə xanım Əliyeva aspiranturaya daxil olub və
1953-cü ildə buranı bitirib.
1957-ci ilə qədər Azərbaycan Elmi Tədqiqat Oftalmologiya
İnstitutunda elmi işçi, 1960-cı ildən 1967-ci ilə qədər böyük elmi
işçi, 1967-ci ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri
Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri kafedrasının dosenti,
professor, Görmə orqanının peşə patologiyası laboratoriyasının
müdiri, Oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində
çalışıb.
İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və
təcrübələrin nəticələri Zərifə xanımın düynada ən məşhur
oftalmologiya mərkəzlərinin birində – H.Helmqolts adına Moskva Göz
Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə
orqanının vəziyyəti” adlı doktorluq dissertasiyasının əsasını
təşkil edib. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri
doktoru dərəcəsi verilib.
Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin
inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş
yayılmış traxomanın, kimya və elektron sənayelərində peşə
fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi,
profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir
problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi
nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik
və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12
səmərələşdirici təklifin müəllifidir.
Zərifə xanım Əliyeva yüksək ixtisaslı tibbi kadrların
hazırlanmasına böyük əmək sərf edib. O, Ümumittifaq Oftalmoloqlar
Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin,
Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik
oftalmologii” (Moskva) jurnalının redaksiya heyətinin üzvü idi.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə –
görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi
tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən
yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik
M.İ.Averbax adına mükafatına layiq görülüb. Qeyd olunmalıdır ki,
professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın
idi.
Elmi tədqiqatlarının yüksək səviyyəsi, sosial əhəmiyyəti,
ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi tədqiqat
işlərində böyük xidmətləri qiymətləndirilərək, 1983-cü ildə Zərifə
xanım Əliyeva Azərbaycan SSR EA-nın akademiki seçildi.
Zərifə xanım Əliyeva göstərdiyi xidmətlərinə görə orden və
medallarla təltif olunub. Azərbaycanın əməkdar elm xadimi kimi
yüksək ada layiq görülüb.
Zərifə xanım Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva
şəhərində vəfat edib.