Bu gün Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 103-cü ildönümüdür

Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının
yaradılmasının 103-cü ildönümü tamam olur. Bu əlamətdar tarix
Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin
olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və
əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.

Trend xəbər
verir ki, artıq 25 ildir ölkəmizin təhlükəsizlik orqanlarının
əməkdaşları 28 martı peşə bayramı günü kimi qeyd edirlər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il
martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan
Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən
peşə bayramı kimi qeyd olunur.

Ölkəmizdə milli təhlükəsizlik orqanının tarixi 1919-cu il martın
28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy
Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində
kəşfiyyat və əks-kəşfiyyat bölməsinin təşkil olunması ilə başlayıb.
Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı
Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə
Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq
Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət
Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet
hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət
təhlükəsizliyi orqanının vəzifəsi, əsasən, mövcud quruluşu qorumaq,
həmin totalitar rejimin ideologiyasına zidd düşüncə tərzinin
yayılmasının qarşısını almaq olub.

Uzun müddət bu xüsusi xidmət orqanında milli kadrların yüksək
vəzifə tutmasına imkan verilməyib. Yalnız gənc yaşlarından özünün
yüksək intellekti, təşkilatçılıq və idarəçilik bacarığı, fitrətən
kəşfiyyatçı istedadı ilə böyük nüfuz və etimad qazanan ulu öndər
Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizliyi orqanında rəhbər
vəzifələr tutduqdan sonra şəxsi heyətdə yerli və milli kadrların
sayının artırılması, onların irəli çəkilməsi, eyni zamanda,
azərbaycançılıq ruhunda tərbiyə edilməsi mümkün olub. Ümummilli
lider Heydər Əliyevin 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin
sədri təyin edilməsi ilə Azərbaycanın təhlükəsizlik orqanlarının
tarixində tamamilə yeni mərhələ başlandı. Həyatının 25 ilini milli
təhlükəsizlik orqanlarında xidmətə həsr edən Ümummilli Lider o
illər ərzində təhlükəsizlik sistemində əsaslı dönüş yaratdı,
milliləşdirmə siyasətinin əsasını qoydu və bu məqsədə nail oldu.
Ulu Öndərin əsasını qoyduğu bu siyasət müstəqil Azərbaycanda dünya
tərəfindən qəbul edilən və əlbəttə ki, təqdir olunan sabitliyin
bərqərar olmasında müstəsna rol oynadı.

Bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə olunması
Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Ölkədə güclü ordu
quruculuğu siyasəti yürüdən dövlətimizin başçısının uğurlu
islahatları sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni
müstəviyə qalxıb. Təhlükəsizlik məsələsinə hər zaman kompleks və
sistemli yanaşan Prezident İlham Əliyev bu sahədə struktur
islahatlarının aparılmasını da diqqət mərkəzində saxlayır. Bu
islahatların mühüm tərkib hissəsi kimi, Azərbaycan Prezidenti İlham
Əliyevin 2015-ci il 14 dekabr tarixli Fərmanı ilə Milli
Təhlükəsizlik Nazirliyinin ləğv olunaraq onun əsasında Dövlət
Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin
yaradılması, ilk növbədə, xüsusi xidmət orqanlarının fəaliyyətinin
səmərəliliyini artırmağa, yeni dövrün tələblərinə uyğunlaşdırmağa
və dövlət idarəetmə strukturunu təkmilləşdirməyə yönəlib. Bu
islahatlar antiterror koalisiyasının fəal üzvlərindən olan
Azərbaycanda sabitliyin təmin olunmasına, terrorçuluğa və
qaçaqmalçılığa qarşı mübarizə tədbirlərinin daha da
gücləndirilməsinə geniş imkanlar açıb.

Təsadüfi deyil ki, son illərdə terrorçuluq fəaliyyəti ilə məşğul
olan onlarla silahlı dəstə zərərsizləşdirilib, onların tərkibinə
daxil olanlar cinayət məsuliyyətinə cəlb edilib. Bu dövrdə
transmilli cinayətkarlıqla mübarizə sahəsində də ciddi uğurlar
qazanılıb. Son illərdə ölkə ərazisindən tranzit daşınması
planlaşdırılan tonlarla narkotik maddə aşkarlanaraq dövriyyədən
çıxarılıb, kibertəhlükəsizliyin təmin olunması istiqamətində bir
sıra uğurlu əməliyyatlar həyata keçirilib.

Ölkəmizdə təhlükəsizlik orqanlarına göstərilən yüksək diqqət və
qayğı göstərir ki, təhlükəsizlik mühitinin formalaşması, ölkəmizin
suverenliyi və ərazi bütövlüyünün qorunması, xalqımızın
təhlükəsizliyinin daha etibarlı müdafiəsi Azərbaycan dövlətinin
fəaliyyətinin mühüm tərkib hissəsidir.

Azərbaycanın təhlükəsizlik orqanları builki peşə bayramlarını
unudulmaz hisslərlə – Qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və şanlı
Qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilən
ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında
Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var.

Müharibənin başa çatmasından sonra da milli təhlükəsizlik
orqanları işğaldan azad olunan ərazilərdə xidməti fəaliyyəti uğurla
davam etdiriblər. Prezident İlham Əliyevin “Azərbaycan
Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi
idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli
Fərmanına uyğun olaraq, qısa müddətdə Dövlət Təhlükəsizliyi
Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və
Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə
başlayıb. 2020-ci ilin dekabrında Azərbaycan Respublikası DTX-nin
Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı və
həmin mərasimin davamı olaraq, DTX-nin Mədəniyyət mərkəzi
tərəfindən məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə möhtəşəm
konsert proqramının təşkili təkcə xüsusi xidmət orqanlarının şəxsi
heyətinə deyil, hər bir azərbaycanlıya unudulmaz hisslər bəxş
etdi.

Azərbaycanın təhlükəsizlik orqanlarının əbədiyaşar lideri,
xalqımızın ulu öndəri Heydər Əliyev deyirdi: “Dövlətin
təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz
vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş
üslubu olsun”. Bu gün peşə bayramlarını böyük ruh yüksəkliyi ilə
qeyd edən Azərbaycan dövlət təhlükəsizliyi və xüsusi xidmət
orqanlarının əməkdaşları peşəkarlıq və müasir iş üslubu ilə
çalışaraq xalqımızı və müstəqil dövlətimizi xarici qəsdlərdən və
düşmən qüvvələrin təxribatlarından qətiyyətlə qoruyur, milli
təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət
orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının
alınmasında, beynəlxalq terrorçuluğa, transmilli mütəşəkkil
cinayətkarlığa, dini ekstremizmə qarşı mübarizədə xalqımıza və
dövlətçiliyimizə sədaqət və əsl vətənpərvərlik nümunələri
göstərirlər.

Teqlər: