Dövlət İmtahan Mərkəzi (DİM) mayın 22-də II ixtisas qrupu üzrə
ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir. Bu gün III
ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən
abituriyentlər üçün coğrafiya fənni üzrə də imtahan təşkil
edilir.
DİM-dən AzerTimes-a bildirilib ki, Bakı, Naxçıvan, Gəncə, Şəmkir,
Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir,
Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil
olunan imtahanlar saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış
rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan
binasına buraxılmır.
Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına
müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan
iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona
görə də imtahan binasına buraxılış vərəqəsində göstərilən vaxtda
gəlmək lazımdır.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri
gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Mayın 22-də II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə
DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün
coğrafiya imtahanı) üzrə keçiriləcək imtahanda 22 min 878
abituriyentin iştirakı nəzərdə tutulur.