Bu gün 22 minə yaxın abituriyentin III ixtisas qrupu üzrə qəbul imtahanı verəcəyi gözlənilir

Mayın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) III ixtisas qrupu üzrə
ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.

DİM-dən AzerTimes-a
bildirilib ki, bu imtahanda 21 min 521 abituriyentin iştirakı
gözlənilir.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt,
Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad,
Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi
başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmır. İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi
tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin
imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına
müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan
iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona
görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda
gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri
gətirməlidirlər:

– İmtahana buraxılış vərəqəsi;

– Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam
olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya
Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu
almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın
vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər
sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və
fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3×4 sm
ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Teqlər: