Bu döyüşdür, əsir götürülməyib – Hərbi ekspert

Bu döyüşdür, əsir götürülməyib – Hərbi ekspert

Hərbi ekspert Ramil Məmmədlinin AzerTimes-a müsahibəsi:

– Erməni ombudsman Kristina Qriqoryan Azərbaycan əsgərinin erməni əsgərləri güllələməsi videosunun həqiqiliyinin təsdiqləndiyini və bunun 13 sentyabrda çəkildiyini deyib. Bildiyimiz kimi, 12-dən 13-nə keçən gecə Ermənistan ordusu bizim əsgərlərimizi ağır artilleriya ilə atəşə tutub və təminat yollarına mina döşəyiblər. Azərbaycan əsgəri isə buna döyüş meydanında cavab verib. Döyüşlər 14 sentyabra qədər davam edib. Bu halda postda baş verən atışmanı hərbi cinayət adlandırmaq nə dərəcədə doğrudur?

– İki qarşı-qarşıya olan ölkənin hərbçilərinin vuruşması və döyüş meydanında bir-birilərini yaralaması, öldürməsi hərbi cinayət deyil. Bunun adı döyüşdür. Əgər sözügedən video qurma, montaj və s. deyilsə, yaxalanan həmin erməni əsgərləri əsir deyillər. Onların əsirlikləri isə təsdiq olunmayıb, sənədləşmə prosesi də həyata keçirilməyib. Kim küncə sıxılıb qalan o erməni əsgərlərinin bizim əsgərlərimizə atəş açmayacağına zəmanət verə bilərdi? Əgər bəhs etdiyimiz erməni əsgərləri Bakıda və ya ölkəmizin hansısa bir rayonunda, şəhərindəki təcridxanada ölsəydi, burada işgəncə ehtimallarından danışıla bilərdi. Bu hadisə döyüş meydanında hərbçilərə qarşı olduğu üçün onu hərbi cinayət adlandırmaq doğru deyil.

– Yüksəklikdə, düşmən postunda, atışma getdiyi bir vaxtda əsir götürmənin çətinliyi də var…

– Əlbəttə, komanda döyüş meydanında fərdi olaraq şəraitə uyğun şəkildə qərar qəbul edə bilir. Bu, hərbi nizamnamələrdə də təsbit olunub və hüquq pozuntusu deyil. Dünya hərb tarixində belə hallar çox olub. Burada hərbi cinayətdən bəhs etmək yersizdir. Keçmiş hərbçi kimi də deyə bilərəm ki, komandir içində olduğu vəziyyətə uyğun şəkildə qərar qəbul etmə hüququna malikdir. Qərarın verilməsinin operativlik və vaxt itirməmə kimi bir çox səbəbləri ola bilər. Burada qeyri-adi bir şey yoxdur.

Teqlər: